Mənzildə it və pişik saxlamaq qadağandır? – Vəkildən açıqlama

Mənzildə it və pişik saxlamaq qadağandır? – Vəkildən açıqlama
SOSİAL
17:49 09.07.2026
274
Son illər şəhər yerlərində ev heyvanı saxlayanların sayı nəzərəçarpacaq dərəcədə artıb.
Bir çox heyvansevər it, pişik və digər ev heyvanlarını ailəsinin bir parçası hesab edərək onları mənzillərdə saxlayır. Lakin çoxmənzilli yaşayış binalarında ev heyvanlarının saxlanılması qonşular arasında narazılıq və mübahisələrə səbəb olur.

Bəzi sakinlər it və ya pişik saxlanılmasını normal qarşılasa da, digərləri səs-küy, qoxu, ümumi istifadədə olan ərazilərin çirkləndirilməsi və təhlükəsizlik narahatlıqlarını əsas gətirərək buna etiraz edir.

Bəs qanunvericilik mənzildə ev heyvanı saxlanılmasına necə yanaşır? 

Mövzu ilə bağlı AZXEBER.COM-a danışan vəkil Roman Qaraşov bildirib ki, qanunvericilik ev heyvanı saxlamağı qadağan etmir, lakin bununla bağlı müəyyən hüquqi tələblər mövcuddur:

"Mənzil mülkiyyətçisinin öz yaşayış sahəsində ev heyvanı saxlamaq hüququ, mülkiyyət hüququnun ayrılmaz tərkib hissəsi kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə təminat altına alınıb. Mülkiyyətçi öz əmlakından istifadə edərkən qanunvericiliyin tələblərinə, xüsusilə sanitar-gigiyena normalarına və ictimai qaydaya riayət etdiyi təqdirdə, üçüncü şəxslərin, o cümlədən qonşuların onun mülkiyyət hüququna müdaxilə etmək səlahiyyəti yoxdur. Binada yaşayan digər sakinlərin yalnız ev heyvanının mövcudluğuna əsaslanan irad və ya şikayətləri hüquqi baxımdan məcburi icra qüvvəsinə malik deyil. Çünki qanunvericilikdə yaşayış binalarında ev heyvanı saxlanılmasını qadağan edən ümumi norma nəzərdə tutulmayıb”.


Vəkilin sözlərinə görə, ev heyvanı saxlamaq hüququ digər sakinlərin hüquqlarını pozmamaq şərti ilə həyata keçirilməlidir:

"Bununla yanaşı, qonşuluq hüququ çərçivəsində tərəflərin öhdəlikləri qarşılıqlıdır. Mülkiyyətçi ev heyvanını saxlayarkən binanın ümumi istifadə yerlərində təmizliyi təmin etməli, heyvanın səs-küyü və ya davranışı ilə digər sakinlərin rahatlığını və mənzil toxunulmazlığını pozmamalıdır. Hüquqi mübahisə heyvanın mövcudluğuna görə deyil, yalnız heyvan sahibinin konkret hərəkətləri nəticəsində, məsələn, davamlı səs-küyə yol verilməsi və ya antisanitar vəziyyətin yaradılması səbəbindən digər sakinlərin hüquqlarının pozulduğu sübuta yetirildiyi halda yarana bilər. Bu tələblərə riayət olunduğu təqdirdə, ev heyvanı saxlamaq hüququ qanunun müdafiəsi altındadır və heç bir şikayət həmin hüququ məhdudlaşdıra bilməz”.

 Fəridə Əsədzadə 
OXŞAR XƏBƏRLƏR