M.Ə.Rəsulzadənin Azərbaycanda yazdığı son vida məqaləsi

SİYASƏT
16:20 24.01.2014
1368
Sovet Rusiyası tərəfindən Azərbaycanın işğalına başlanan gün – 1920-ci il aprelin 27-də Azərbaycan Parlamentinin təcili fövqəladə axşam iclasında milli istiqlal hərəkatının lideri və ideoloqu, Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin yaradılması işinə başçılıq etmiş “Müsavat” başqanı M.Ə.Rəsulzadə hakimiyyətin kommunistlərə verilməsi ilə əlaqədar son sözündə deyirdi:
“Bizim fraksiyamız təslim olmağın əleyhinədir. Fəqət firqələrin əksəriyyətinin tələbinə görə və cəmaətimizin arasında daxili müharibə salmamaq üçün və əlavə, bugünki kommunist firqəsinin müstəqilliyimizi müdafiə edəcəklərini nəzərə alaraq bütün ixtiyarın onlara verilməsinin tərəfdarıyam, bu şərtlə ki, kommunistlər istiqlaliyyət, millət və məmləkətimizi layiqincə müdafiə etsinlər. Əgər bunlara əməl olunmazsa ixtiyarımızı geri alaraq həqqimizi özümüzdə saxlayacağıq”.
Aprelin 28-də “Azərbaycan” qəzetinin sonuncu – 85-ci (443-cü) nömrəsində M.Ə.Rəsulzadənin vətənində sonuncu məqaləsi işıq üzü görmüşdü. Bu, “Birlik lazımdır” sərlövhəli dövrün və keçilən istiqlal hərəkatı yolunun qısa elmi təhlili və gələcək vəzifələrə həsr olunmuş məqalədir. Bu günümüz və gələcəyimiz üçün də böyük tarixi dəyərini nəzərə alaraq onu “525-ci qəzet”in oxucularına təqdim edirəm.  
Bulunduğumuz vəziyyətin, keçirdigimiz dəmlərin ciddiyyət və məsuliyyəti hər zamandan daha ziyadə bizi tənbeh etməsi bir tərəfdə, aramızdakı cərəyanların salim və əmin bir istiqamətdə durmamaları digər tərəfdə, artıq həpimiz üçün bir şüarı, bir vəzifəyi bütün əhəmiyyəti ilə bərabər təlqin ediyor:
– Birlik lazımdır!
Tarix müşkül vəziyyətləri, möhlik dəmləri hər zaman təkrar etmiş və hər təkrarda millətlərə bir təcrübə və təcrübə ilə bərabər də həqiqi bir vəzifəyi də əmr eləmişdir.
Bir millətin hali-rəşadətdə olduğu bir cəmaətin müqtədir və vəzifəşünas bulunduğu o zaman məlum olur ki, o millət mucibi-tənqid dəmlərdə əql və mühakiməsini itirmədən müəyyən bir yol ilə səlamət və istiqbalına təmas edən məsələlərə hakim oluyor.
Macəraçuluğun nəticədə daima müvəffəqiyyətsizlik və peşimançılıq hüsula gətirdigi bizim bu Rusiya dövri-inqilabında bizzat öz həyatımızda dəxi görüb bildigimiz bir həqiqətdir.
Macəraçuluğa bir siyasət xəyalda, əməldə nə qədər dadlı olsa, nə dərəcə cazib bulunsa da həqiqətdə bir çox acılıqları, bir çox xəsaratlıqları mucibdir ki, bir məmləkətin və bilxassə bizim kibi yeni və gənc bir dövlətin həyat və istiqbalına ancaq mənfi bir təsir yapar.
Bu gün bizə bir Şimal təhlükəsi bütün vüzuhilə vardır. Bu təhlükənin faidəsini təsəvvür edənlər, bu təhlükədən istifadə etməgi düşünənlər bugünki millətlər siyasətinin, dövlətlər ahənginin həqiqi simasına az vaqif olan, gərək əqldə, gərəksə məntiq cəhətincə zəif  bulunduqlarındandır ki, iştə biz bunlara da bütün səmimiyyət və ciddiyyətimizlə deyiriz: birlik lazımdır. Birligimiz bir qüvvət, bir müdafiə sipəri meydana çıxara biləcəgi halda birliksiz, bərabərsizlik zəifiyyət, ricətdən başqa bir nəticə hüsula gətirəməz.
Bütün siyasi firqələr Müsavat, İttihad və sosialist, Əhrar və hər əqlli-başlı, siyasətdən, zamandan xəbərdar şəxslər şimdi möhkəm bir qala və hasar kibi cəmaət və məmləkəti əhatə etməli bir şüar, bir fikir, bir vəzifə ilə də hökumətimizə pişrov olmalıdır.
Bugünki vəziyyət bizim üçün bir müdafiə vəziyyətidir. Bu müdafiə nə qədər intizam və qaidə ilə, nə dərəcə inzibat və intizam ilə olursa, o qədər də hal və istiqlaldan əmin qala biləriz.
Şimdi hər vətəndaş kəndi bacara biləcəgi vəzifə ilə müttəhid bir qüvvət halında hazırlanmalı və hökumətimizin bütün əmrlərinə, bütün qərarlarına riayət edərək bir müdafe halında gözükməlidir. Biz əminiz ki, bu birliklə bugünki vəziyyətdən biz zərərsiz, xəsarətsiz çıxa bilər və istiqlal tariximizin bugünki səhifəsini də qurtarıb yolumuzda iləriləriz.
İstiqlal tarixi filhəqiqə bizə bir çox müzahim və müşkülatı çıxardı. Fəqət hər bir zamanda biz bu müzahim və müşkülatı iqtisam etdik. Yenə yüksələn bir bayrağı göz bəbəgi kibi, hifz edilən istiqlalı aslan kibi mühafizə və müdafiə etdik; bizim qüvvətimiz həqqimizdir. Həqq yoluna imanımız istiqlalımızda ən baş bir şüarı olduğu kibi bütün müvəffəqiyyətlərimizin də bir ələmdarıdır.
Bu cəhətlə şimdi hər vətəndaş vəzifə başına şitab etməli, vəzifəsinə sadiq qalan vətəndaşın istiqlal və vətənə də müdafe və xadim ola biləcəgini iman etməlidir.
İman, iman! İştə bu günün ən qüvvətli müdafei, ən qüvvətli amili budur.
Əvvəlbaəvvəl məmləkətimiz daxilində asayiş və intizamı xələldar edəcək ünsürlərə qarşı vətənini sevən hər azərbaycanlı təyəqqüz durmalıdır ki, daxildə kiçik bir intizamsızlığın xaricdəki əhvala əksi bir təsiri yapması məmuldur.
“Qalayı daxildən zəbt edərlər” deyərlər.
Filhəqiqə qalanın daxili hər zaman hər dürlü hiylə və intriqalara bir zəmin olur.
Qalayı daxildə haman mühafizə etməklədir ki, bugünki vəziyyətimizi lehimizə çevirə biləriz.
Bizim qalanın ən çox zərərverici ünsürləri macəraçular, macəraçuluq olduğuna görə bittəbii əvvəl baəvvəl bunlardan təhəffüz etməlidir.
Binaənileyh bütün vətəndaşlar sükun və intizamla bərabər bir şüar ilə də amal olmalıdır ki, o da:
Birlik! Birlik!
“Azərbaycan”, 28 nisan (aprel) 1920, №85
Müzahim – zəhmət verən, çətinləşdirən
Təyəqqüz – oyanma; məc. gözüaçıqlıq
İqtisam – paylaşma, bölüşmə
Möhlik – çox təhlükəli
Şitab – tələsmə
Məmul – arzu edilən, ümid edilən
Təhəffüz – qorunmaŞirməmməd HÜSEYNOV, 525-ci qəzet

OXŞAR XƏBƏRLƏR