“Məscidləri dağıdan ölkə dost ola bilməz” - İlham Əliyev

“Məscidləri dağıdan ölkə dost ola bilməz” - İlham Əliyev
SİYASƏT
16:45 20.10.2017
1628
Xəbər verdiyimiz kimi, oktyabrın 20-də İstanbulda İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq” devizi altında IX Zirvə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində Zirvə görüşündə iştirak edib.

Azərbaycan Prezidenti D-8 IX Zirvə görüşündə çıxış edib.

AZXEBER.COM İlham Əliyevin çıxışının tam mətnini təqdim edir:

-Hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan.

Hörmətli baş katib.

Xanımlar və cənablar.

İlk növbədə, əziz qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünə dəvətə və göstərilən qonaqpərvərliyə görə təşəkkür edirəm.

Azərbaycan D-8-in üzvü olmamasına baxmayaraq, Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanı bu tədbirə dəvət edib. Mən buna görə öz qardaşıma dərin təşəkkürümü bildirirəm.

2015-ci ilin noyabr ayında "Böyük iyirmilər”in Zirvə görüşü Türkiyənin Antalya şəhərində keçirilib. Türkiyə bu görüşə qrupa üzv olmayan yalnız bir ölkəni xüsusi qonaq kimi dəvət edə bilərdi və Prezident Rəcəb Tayyib Ərdoğan bu tədbirə Azərbaycanı dəvət etmişdir. Bu, bir daha Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun bariz nümunəsidir.

Hörmətli görüş iştirakçıları, mən sizin diqqətinizi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək istəyirəm. Ermənistan 25 ildən artıqdır ki, Azərbaycanın tarixi torpaqlarını – Dağlıq Qarabağı və ətrafındakı 7 rayonu işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. 1992-ci ildə Ermənistan Xocalı soyqırımını törədib. Bu hərbi cinayət nəticəsində 613 dinc azərbaycanlı qətlə yetirilib, onlardan 106-sı qadın və 63-ü uşaqdır. Minlərlə insan itkin düşüb və yaralanıb. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilir. Eyni zamanda, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT və digər təşkilatlar da oxşar qərar və qətnamələr qəbul etmişlər. Lakin işğalçı Ermənistan bu qərarlara məhəl qoymur və azərbaycanlı mülki əhaliyə qarşı hərbi cinayətlərini davam etdirir.

Ötən ilin aprelində təmas xəttində Ermənistanın silahlı hücumu nəticəsində mülki şəxslər və hərbçilər həlak olub. Yüzlərlə yaşayış evi dağıdılıb. Azərbaycan Ermənistanın bu təxribatının qarşısını qətiyyətlə aldı, ordumuz torpaqlarımızın bir hissəsini erməni işğalçılarından azad etdi. Bundan sonra Ermənistan tərəfindən tamamilə dağıdılmış Cocuq Mərcanlı qəsəbəsi yenidən quruldu. 150 evdən ibarət bu qəsəbədə məktəb, tibb məntəqəsi və məscid tikildi. Bu məscid ermənilər tərəfindən dağıdılmış Şuşa məscidinin bənzəridir.

Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Azərbaycan dövləti və xalqı heç vaxt imkan verməyəcək ki, onun əzəli torpağında ikinci qondarma erməni dövləti yaradılsın. Ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq.

Hörmətli görüş iştirakçıları, Azərbaycan İslam həmrəyliyinə xüsusi əhəmiyyət verir və öz töhfəsini verir. 2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan olunub. Eyni zamanda, bu il Azərbaycanda 54 müsəlman ölkəsindən gələn 3 minə yaxın idmançının iştirak etdiyi IV İslam Həmrəyliyi Oyunları keçirilib. Biz bu gün dünyada ən ciddi təhlükələrdən biri olan islamofobiyaya qarşı fəal mübarizə aparırıq. Özünü müsəlman ölkələrinin dostu kimi qələmə verməyə çalışan Ermənistan Dağlıq Qarabağ və ətraf bölgələrdə məscidləri və dini abidələri dağıdıb. Məscidləri dağıdan ölkə heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz.

İki gün əvvəl Azərbaycan müstəqilliyinin bərpasının 26-cı ildönümünü qeyd edib. Qısa müddət ərzində ölkəmiz uğurlu inkişaf yolu keçmişdir. 2004-cü ildən başlayaraq iqtisadiyyatımız 3 dəfədən çox artmış, 2 milyona yaxın iş yeri açılmışdır. Yoxsulluq 5 faizə düşmüşdür. Savadlılıq 100 faizə yaxındır. Valyuta ehtiyatlarımız ölkənin ümumi daxili məhsuluna bərabərdir. Xarici dövlət borcu ümumi daxili məhsulun 20 faizindən azdır. Azərbaycanın bu uğurları beynəlxalq təşkilatlar tərəfindən də qeyd olunur. Davos İqtisadi Forumunun iqtisadiyyatın rəqabətqabiliyyətliliyi üzrə builki hesabatında Azərbaycan 35-ci yeri tutub.

Azərbaycan beynəlxalq miqyaslı layihələrin təşəbbüskarı və fəal iştirakçısıdır. Bu gün biz tərəfdaşlarımızla birlikdə "Cənub Qaz Dəhlizi” layihəsini icra edirik. Bu, dünyanın ən böyük infrastruktur layihələrindən biridir. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan TANAP qaz kəməri üzrə saziş 2012-ci ildə Azərbaycan ilə Türkiyə arasında İstanbul şəhərində imzalanmışdır və bu kəmər gələn il istifadəyə veriləcəkdir.

Tezliklə rəsmi açılışı olacaq Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında ən qısa yol olacaqdır. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılmasına böyük sərmayələr qoyur. Bu nəqliyyat dəhlizləri Avrasiyanın iqtisadi inkişafı üçün yeni imkanlar açacaqdır. Diqqətinizə görə minnətdaram.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
06:52 06.03.2025
İvanişvilinin keçmiş maliyyə müşaviri Ermənistana qaçıb
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
04:47 06.03.2025
FIFA klublararası DÇ-nin qaliblərinə 1 milyard avroya yaxın vəsait verəcək
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
03:45 06.03.2025
CNN: Bir neçə həftə ərzində Kiyevin Patriot raketləri tükənə bilər
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
02:40 06.03.2025
Avstraliya Ukraynaya enerji dəstəyi üçün 6 milyon avro ayırıb
Papa Fransiskin müalicəsi davam etdirilir
01:35 06.03.2025
Papa Fransiskin müalicəsi davam etdirilir
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
01:12 06.03.2025
Azyaşlı qızına vəhşicəsinə işgəncə verən qadının görüntüləri - VİDEO
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
01:09 06.03.2025
Töhmətdən sonra işdən çıxarılan aparat rəhbəri ilə bağlı İLGİNC FAKT
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
00:51 06.03.2025
ABŞ Qəzzadakı girovların azad edilməsi ətrafında HƏMAS-la danışıqlar aparır
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
00:34 06.03.2025
Məhəmməd Əmin Rəsulzadənin anım günüdür
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
00:28 06.03.2025
Aİ Polşaya icma fondlarından 7,2 milyard avronu müdafiəyə yönləndirməyə icazə verib
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
23:58 05.03.2025
Uşağını sanitar qovşaqda öldürmək istəyən ana: "Çimizdirmək istəyirdim"
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
23:37 05.03.2025
Müəllimlər direktordan şikayətçidir - “Bizə hinduşkabaş deyir” - VİDEO
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
23:29 05.03.2025
Makron: Avropanın gələcəyini Vaşinqton və Moskvada həll etmək olmaz
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
23:27 05.03.2025
Zelenski: ABŞ ilə əməkdaşlıqdan müsbət nəticələr gözləyirəm
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
23:23 05.03.2025
Ərdoğan İlham Əliyevlə görüşünün təəssüratlarını paylaşıb: Sülh istəyirik
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi
23:21 05.03.2025
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısı ilə bağlı qərar verildi