Məhsətiyə hörmətsizlik narazılıq doğurdu - Şeyx Əbdüldən açıqlama

Məhsətiyə hörmətsizlik narazılıq doğurdu - Şeyx Əbdüldən açıqlama
SOSİAL
21:42 05.12.2025
266
Sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qarayevanın Məhsəti Gəncəvi haqqında çəkdiyi "Məhsəti” adlı qısametrajlı film ictimai xadimlər və cəmiyyət arasında narazılıq yaradıb. Filmdə Məhsəti Gəncəvi əxlaqsız kimi təqdim edilir, Azərbaycan mədəniyyətinə hörmətsizlik və milli dəyərlərin məqsədli şəkildə alçaldılması diqqət çəkir. 

Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) nəzdindəki Bədii Şuranın "Məhsəti” qısametrajlı bədii filminin nümayişini məqsədəuyğun hesab etməyib.

 


Məsələ ilə bağlı xalq artisti Şeyx Əbdül AZXEBER.COM-a açıqlamasında deyib ki, bu film xanımın öz şəxsi hesabına çəkilib:

"Film heç bir mənbədən, heç bir dövlət təşkilatından, kino fondlarından maliyyələşdirilməyib. Sadəcə olaraq, həmin xanım o  qısametrajlı filmi ilə Azərbaycan Respublikasının Kino Agentliyinə (ARKA) müraciət edib. ARKA isə filmə baxdıqdan sonra filmin nümayişini məqsədəuyğun hesab etməyib. Məni narahat edən, mənə ağırlıq verən milli-mənəvi dəyərlərimizə gənclərimizin belə yanaşma tərzidir. Başqa millətlər özləri üçün olmayan tarixi belə uydurub dəyər yaradırlar. Bizdə isə Allahın verdiyi minillik dəyərlər, mədəniyyət, sənət var. Lakin bunları təhrif etməklə, pis formada təqdim etməklə məşğuluq. Belə münasibət təkcə Məshətiyə deyil, Şah İsmayıl Xətaiyə, Ağa Məhəmməd Şah Qacara, Babək Xürrəmiyə də olub”.

Tanınmış sənətkar qeyd edib ki, Rubayi janrının yaranışı Ömər Xəyyəmə yox, Qətran Təbriziyə məxsusdur:

"Rubai janrının yaranışı Ömər Xəyyəmə yox, Qətran Təbriziyə məxsusdur. Yəni Azərbaycana məxsusdur. Qətran Təbrizi rubayi janrının ilk nümunələrini yazdığı zaman Ömər Xəyyəm hələ anadan olmamışdı. Yəni poeziyada rubayi janrını bir forma kimi kəşf edən və ilk dəfə qələmə alan Qətran Təbrizidir. Bununla Ömər Xəyyamım böyüklüyünü inkar etmirəm. 
Ömər Xəyyam də böyük dahilərdən biridir, amma rubai janrını kəşf edən o olmayıb. Ömər Xəyyəm bu hazır poeziya formasından çox böyük əsərlər yaradıb.  Bu janrın ən mükəmməl nümunələrindən biri də Məshəti Gəncəvidir.
Rubayi janrının stilistikası isə obrazlı ifadələr, paralellər və bənzətmələr üzərində qurulub”.

Şeyx Əbdül əlavə edib ki, Məshəti xanım dövrünün ən böyük siyasi və ictimai xanımı olub:

"Sən janrın mahiyyətini başa düşmədən Avropaya bənzəmə meyli ilə böyük bir şəxsiyyətin obrazını təhrif edib pornoqrafik səviyyədə təqdim edə bilməzsən. Məshəti xanım dövrünün ən böyük siyasi və ictimai xanımı olub. Dünyada hələ qadınların kim olduğu bəlli olmayan vaxtlarda sənin Məhsəti Gəncəvi, Aləmşah Bəyim, Möminə Xatun, Səray Xatun, Tomris kimi dahi qadın şəxsiyyətlərin mövcud olub. O hökmdar sayarlarında baş məsləhətçilik edib. 800–900 il bundan əvvəl Şərq dünyasında qadınlar arasında şahmat üzrə çempion olmuş bir şəxsiyyətdir. O, hökmdarlara dərs verən, əxlaq və mənəviyyat dərsi keçmiş bir qadın idi. Məshəti Gəncəvi elə-belə adi insan olmayıb. Adı belə bizə məxsus olmayan şəxsin əxlaqına bax? Onun Məshəti haqqında ərsəyə gətirdiyi film qəbuledilməzdir”.

Kinorejissor deyib ki, belə şəxslər bizi dünyaya əxlaqsız kimk təqdim etmək istəyir:

"Onun kimi şəxslər bizi dünyaya tərbiyəsiz, əxlaqsız bir millət kimi təqdim etmək istəyirlər. 
Bu bir cinayətdir, mənəvi degradasiyadır. Ümumiyyətlə, bunların fonunda Azərbaycanın  tarixi şəxsiyyətlərinə bu cür yanaşanlar haqqında cinayət işi açmaq lazımdır. Əxlaq polisi olmalı, mənəviyyət polisi yetişdirilməlidir. Çünki artıq bunlar kütləvi hal alıb.
Bir mənada hər şey nəzarətə götürülməlidir”. 

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR