"Allah mənə anamı yenidən göndərdi"
ARB TV-nin "Gəlin danışaq" verilişinin budəfəki qonağı klipmeyker, rejissor Nail Naiboğlu olub.
O, toyundan bəhs edərkən bildirib ki, valideynləri onun toyunda iştirak etməyiblər.
"Mən evin tək uşağıyam. Qardaşım 21 yaşında epilepsiya xəstəliyindən rəhmətə gedib. Ailə quranda anam yataq xəstəsi idi. Bu səbəbdən toyumda iştirak edə bilməmişdi. Atamın isə başqa ailəsi olduğu üçün 10 ildən artıq küsülü olmuşuq. Bilirdi ki, toyumdur, köməklik də etmədi. Ümumiyyətlə, mən 16 yaşımdan sərbəst yaşamağa üstünlük vermişəm".
Nail Naiboğlu doğulduğu gündən ona babası və nənəsinin baxdığını qeyd edib.
"Mən doğulandan məni anam, nənəm və babam saxlayıb. O zaman hər şey yaxşı idi ailədə. Mənə sual verəndə ki, atan kimdir, deyirdim, babam, anan kimdir, nənəm. Allah rəhmət etsin ikisinə də. Onların xeyir-duasıdır ki, bu gün mən ayaq üstəyəm. Anam oğlumun 2 yaşı olanda dünyasını dəyişdi. Qəribə bir şeydir ki, anam dünyasını dəyişəndən 2 ay sonra qızım dünyaya gəldi və anamın adını daşıyır. Allah anamı göndərdi mənə".
Klipmeyker hal-hazırda atasıyla münasibətlərinin normal olduğunu bildirib.
"Sənətə gələndən hamı məni Nail Naiboğlu kimi tanıyıb və hal-hazırda da münasibətimiz yaxşıdır. İllər keçdikdən sonra yaş artıqdan sonra həyat insana hər şeyi öyrədir".