Bəli, hamımız başa düşürük ki, bu paylaşım futbola birbaşa xeyir gətirməyəcək. Messi Neftçi PFK-da və ya Mingəçevir FK-da oynayacaq deyil (hərçənd ki, bu həyatda hər şey mümkündür). Və ya bu paylaşım Azərbaycan futbolunun səviyyəsini dəyişməyəcək. Amma burada söhbət yalnız futboldan getmir. Ümumiyyətlə, bu səfərin futbolla əlaqəsi yalnız qonaqlarımızın peşəkar ulduz futbolçu olması ilə məhdudlaşır.
Messinin bu paylaşımı Azərbaycanın qlobal miqyasda tanıdılmasına xidmət edir. Bu jest milyonlarla insanın Azərbaycan haqqında danışmasına, ölkəmizi fərqli bir rakursdan görməsinə səbəb oldu. Dünya siyasətində, mədəniyyətlərarası dialoqda və beynəlxalq əməkdaşlıqda aktiv rol oynayan bir ölkə olaraq, Azərbaycanın adı bir daha diqqət mərkəzinə çəkildi.
Qarabağ müharibəsində qazandığımız qələbədən sonra Azərbaycanın beynəlxalq imici daha çox diqqət çəkməyə başladı. Lakin bu qələbə Avropanın bəzi dairələrinin qərəzli yanaşması ilə də müşayiət olundu. Məhz belə məqamlarda Messi kimi nüfuzlu şəxslərin dəstək xarakterli paylaşımları Azərbaycanın haqq səsinin dünyada eşidilməsinə töhfə verir. Bu cür jestlər bizim dövlətimizin qlobal arenada gücünü bir daha sübut edir.