Yüz ölç, bir biç...
"Hobbi olaraq başladığım bu sahədə artıq peşəkar mebel ustası kimi tanınıram".
- Özünüz haqda qısa məlumat verə bilərsiz? Dülgərliyə marağınız necə yaranıb?
- Mən - Fuad Əliyev "Məşğulluğa Dəstək Layihəsi" ilə tanış olmazdan öncə bank sektorunda çalışırdım. Müəyyən səbəblərdən bank sahəsindən ayrılıb bir müddət taksi xidmətində çalışdım. Gəlir az olduğuna görə bu məşğuliyyətimin də ömrü az oldu. Bundan başqa da az gəlirli sahələrdə çalışmışam. Lakin sonradan taleyimi əvvəllər hobbi olaraq məşğul olduğum dülgərliyə bağladım. Müxtəlif dülgər sexlərində işləməyə başladım. Dörd ildən çox bu sahədə çalışaraq fərqli-fərqli sexlərdə satış təşkili, parça işləməsi, taxta vurulması, boyama və s. kimi işləri dərindən mənimsəyib, təcrübə topladım. Artıq başqasına məxsus sexdə işləmək mənə çətin idi. Çünki öz ideyalarımı ortaya qoymaqda məhdudiyyətim vardı, sərbəst fəaliyyət göstərə bilmirdim, gəlir də ki az. Sahib olduğum avadanlıqların əlverişli olmaması səbəbindən bir çox iş imkanlarını əldən verirdim. Üzləşdiyim çətinliklərə görə şəxsi biznesimə başlamaq və təkmilləşdirilmiş avadanlıqlar almaqçün axtarışda idim. Öz biznesini qurmaq, işinin peşəkarı kimi tanınmaq, demək olar ki, hər kəsin arzusudur. Ancaq çox az adam öz istəyinə nail ola bilir. Çünki biznes qurmaq üçün məqsəd və məramdan öndə təcrübə və maddiyyat gəlir. Məlumdur ki, özünə məxsus iş qurduğun zaman lazımi avadanlıqları almaq, kirayə haqqı ödəmək və bir sıra başqa problemlər gözümüzü qorxudur. Ancaq hardansa bir balaca dəstək görəndə özümüzü güclü hiss edirik.
- Bəs "Məşğulluğa Dəstək Layihəsi" haqqında ilk dəfə necə öyrəndiniz və sizi iştirak etməyə nə sövq etdi?
- Özümü düşdüyüm vəziyyətdən çıxarmaq üçün yollar axtardığım bir vaxtda dost-tanışdan "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində layihə şərtlərinə uyğun fərdi sahibkarlara dəstək göstərildiyini eşitdim. Ətraflı məlumat almaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin müvafiq məşğulluq filialına yaxınlaşdım və öyrəndim ki, Dünya Bankının dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən "Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində aztəminatlı və işsiz şəxs və ailələrə natura şəklində avadanlıqlar verilərək onların kiçik biznesə çıxışına imkan yaradılır. Vaxt itirmədən qeydiyyatdan keçdim, yaradılan imkandan yararlanmaq istədim. Çünki düşünürdüm ki, öz işimi qurub inkişaf etdirməyim üçün bu, əla fürsətdir. Mənim bu sahədə qətiyyətli addım atmağımda "Məşğulluğa Dəstək Layihəsi”nin köməyi çox böyükdür. Hobbi olaraq başladığım bu sahədə artıq peşəkar mebel ustası kimi tanınıram.
"5 ilə əldə edə biləcəyim nailiyyəti 1 il ərzində əldə etdim"
- Layihə seçdiyiniz sahədə bacarıq və təcrübənizin inkişafına necə kömək etdi?
- "Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində təşkil olunan biznes təlimlərinə qatılıb, uğurla bitirdikdən sonra seçdiyim dülgərlik peşəsi üzrə bir neçə müasir avadanlıqlarla təmin olundum. Həyatımızdakı mühüm qərarların verilməsində maddiyyatın rolu danılmazdır. Bu mənada sözügedən layihə həm sahibkarlıq təcrübələrimin, həm də maliyyəni düzgün idarə etmək bacarıqlarımın artmasına və yeni müştərilər qazanmağıma görə taleyimdə təkan oldu. Mən verilən müvafiq avadanlıqlarla öz seximi açdım və həvəslə işləməyə başladım. Hazırda işlərim o qədər çoxdur ki, sexdə özümdən əlavə üç nəfər də çalışır. Bu həm də, işsiz qalan digər 3 nəfərin də işlə təmin olunması deməkdir. Artıq hədəflərimə çatmaq üçün heç bir çətinliyim yoxdur, stimulum yüksəkdir. 5 ilə əldə edə biləcəyim nailiyyəti 1 il ərzində əldə etdim.
"Hazırladığım layihələrlə qürur duyuram"
- Bu günə qədər uğurlu hesab etdiyiniz ən yaddaqalan işiniz hansıdır?
- İndi bir sıra məşhur restoran və otellərin mebellərinin ideya müəllifiyəm. Mənim üçün ən qürurverici və unudulmaz layihə Şuşa Otel-Konqres Mərkəzi üçün hazırladığım layihədir. Şuşa şəhərinin restavrasiyasında mənim də payımın olması çox sevindiricidir. Qısacası, həm öz səylərimiz, həm də dövlətin bizə göstərdiyi etimad və dəstək sayəsində bu cür gözəl işlər həyata keçiririk. Hazırladığım layihələrlə qürur duyuram.
- "Məşğulluğa Dəstək Layihəsi"nə güvəndiyiniz üçün peşman deyilsiz?
- Gələcəkdə özünəməxsus bu kiçik biznesimi genişləndirməyi hədəf alan şəxs kimi deyə bilərəm ki, dövlətin işsiz şəxslərə göstərdiyi qayğısını yüksək qiymətləndirirəm. Ölkədə işsizliyin aradan qaldırılması, sahibkarlığın inkişafına yönəlmiş sosial layihələrin həyata keçirilməsi olduqca təqdirəlayiqdir. Mən öz biznesini qurmaq istəyən işsiz şəxsləri layihədə iştirak etməyə çağırıram. Bəzi insanlar bu tipli layihələrə şübhə ilə yanaşırlar. Hərçənd, demək istərdim ki, layihə sayəsində öz biznesinizi qurub, sevdiyiniz işlə məşğul ola və bacarığınızı qazanca çevirə bilərsiniz. Beynində maraqlı ideyaları olub maddiyyatsızlıq ucbatından heç bir addım ata bilməyən çox sayda insana ciddi dəstək və şansdır bu layihə.
Bu məqalə layihənin kommunikasiya üzrə konsultantı "Aim Texas Consulting” şirkətinin uğurlu benefisiar Fuad Əliyevlə müsahibəsi əsasında hazırlanmışdır.