Mişel Platinidən Azərbaycan futbolçularına tövsiyə: “İndi qalır yaxşı futbol oynamaq...”

İDMAN
15:30 06.06.2011
1932

Bu fikirləri UEFA prezidenti Mişel Platini bu gün Bakıda keçirilən mətbuat konfransında deyib. Ölkəmizə əvvəllər də səfər edən əfsanəvi futbolçu budəfəki gəlişindən daha çox məmnun olduğunu vurğulayıb. O bunu Azərbaycan futbolunun 100 illik yubileyi ilə əlaqələndirib: “Azərbaycan prezidenti və AFFA prezidenti ilə görüşlərimiz oldu. Futbolunuzun 100 illik yubileyini sizinlə birgə qeyd edirik . “Dalğa Arena” kimi gözəl stadionun açılışında iştirak etdik. Bu arenanın inşasına UEFA səviyyəsində dəstək olub. “Dalğa Arena” çox gözəl inşa edilib. Sevindirici məqam odur ki, stadion dəniz kənarında tikilib. Daha bir gözəl məqam 65 minlik olimpiya stadionunuzun təməlinin qoyulmasında iştirakımız idi. Azərbaycanlılar fəxr etmədirlər ki, ölkə başçısı və AFFA prezidenti infrastruktura belə diqqət yetirirlər. İndi qalır, yaxşı futbol oynamaq...”

AFFA-da mühüm işlərin görüldüyünü bildirən Platini kütləvi futbola diqqət yetirilməsinin vacibliyini söyləyib: “Federasiyanız çox gəncdir, 1994-cü ildən FİFA və UEFA-nın üzvüdür. Qazaxıstanla oyundan sonra bir az məyus olmusunuz. Ancaq böyük təcrübəmdən deyə bilərəm ki, hərdən udmaq, hərdən uduzmaq olur. Türkiyəni udanda qələbəni 2 gün gün təntənəli qeyd etdiyinizi bilirəm. Futbol enişli-yoxuşludur. Ola bilər ki, sabah Almaniyaya qalib gəldiniz. Bu da futbolun gözəlliyidir. Futbol yeganə idman növüdür ki, nəticəni əvvəldən demək olmur. Futbolunuza göstərilən diqqətə görə fəxr etməlisiniz”.

UEFA prezidenti 2012-ci ildə Polşa və Ukraynada keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini də bildirib: “Final mərhələsinin orada keçirilməsi əvvəldən çətin məsələ idi. İlk mərhələdə heç bir problem yox idi, hər şey qaydasında gedirdi. Ancaq maliyyə böhranı ilə əlaqədar Ukraynada problemlər özünü göstərdi. Həmin vaxt siyasi vəziyyət də mürəkkəb idi. Ancaq ürəkdən çalışsalar, 2012-ci ildə çempionatın normal keçirilməsinə nail olacaqlarını hesab edirəm. Əminəm ki, Avropa çempionatımız gözəl keçiriləcək”.

 


OXŞAR XƏBƏRLƏR