Uzun illər ərzində Dağlıq Qarabağ probleminin həlli istiqamətində hər hansı bir irəliləyişin baş verməməsi ATƏT-in nüfuzuna ciddi xələl gətirib.
AZXEBER.COM-un məlumatına görə, bunu millət vəkili Qüdrət Həsənquliyev dilə gətirib.Onun dediyinə görə, siyasi partiya təmsilçilərinin ATƏT Parlament Assambleyasının (PA) Qarabağ məsələsi üzrə məruzəçisi Joao Suareşlə görüşündə də bu məqamı sözügedən şəxsin nəzərinə çatdırıb.“Onun diqqətinə çatdırdım ki, ATƏT hər zaman Dnestryanı, Abxaziya və Cənubi Osetiya problemlərinin Moldova və Gürcüstanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulasa da Azərbaycana münasibətdə eyni mövqeni sərgiləmir. Halbuki Abxaziya və Cənubi Osetiya Gürcüstana, Dnestryanı ərazi isə Moldovaya sonradan birləşdiriliblər.Dağlıq Qarabağ isə tarix boyu Azərbaycanın ərazisi olub. Bu baxımdan, ATƏT ilk növbədə Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe nümayiş etdirməlidir. Məhz bu səbəbdən, Azərbaycan ictimaiyyətinin əhəmiyyətli hissəsində belə bir rəy formalaşıb ki, ATƏT-in bu münasibəti Azərbaycanın müsəlman ölkəsi olması ilə bağlıdır.Joao Suareşə onu da dedim ki, ATƏT-in siyasətini müəyyənləşdirən dövlətlər münaqişənin həllini uzatmaqla, işğalçıya dəstək, işğala məruz qalana isə təzyiq yolunu seçməklə Azərbaycanın nə zamansa bezərək öz torpaqlarından imtina edəcəyini gözləyirlər. Son olaraq, ATƏT-in “ölü uşaq” kimi doğulduğu barədə fikirlərin həqiqət olduğunu xüsusi nümayəndəyə bir daha xatırlatdım”.