“Yaxşı Cazibə” türk serialının Bakıda çəkiləcək bölümlərində iştirak edən “Eurovision-2011” qalibi Nigar Camal növbəti təbriki millət vəkili Qənirə Paşayevadan alıb.
Millət vəkili filmin heyətinin üzvlərinə şərəfinə verdiyi ziyafətdə Nigar Camal və onun prodüseri İsa Məlikovla şəxsən söhbət edib.
“Onların hər ikisini yaxından tanımaqdan məmnun oldum. Nigar gözəl olduğu qədər də ağıllı, mehriban bir insandır. İsa Məlikov da həm musiqiçi, həm də insan kimi böyük hörmətə layiqdir. Hər ikisi ilə çoxlu söhbət imkanı oldu, maraqlı layihələrlə hamımızı yenə də sevindirəcəklər. Ölkəmizi və millətimizi gözəl şəkildə təmsil etdikləri üçün mən də onlara təşəkkürümü bildirdim”.
Millət vəkili qeyd edib ki, Azərbaycandan olan duetin qələbəsi ümumilikdə bütün türk dünyasının qələbəsidir. O bildirib ki, bu qələbə sayəsində Azərbaycan özünü dünyaya geniş tanıtmaq imkanı əldə edib.
“İnanıram ki, biz Bakıda möhtəşəm bir “Eurovision” yarışması keçirəcəyik. Hamı əmin olacaq ki, biz qalib gəldiyimiz qədər də, təşkilatçılıq etməyi bacarırıq. Bakıda keçiriləcək yarışma uzun müddət yaddaşlardan silinməyəcək”, - deyə Q.Paşayeva bildirib.