Azərbaycan parlamentinin üzvləri son illər ərzində ölkədə istehlak kreditləşməsinin həcminin artması və istehlak kreditləri üzrə faiz dərəcələrinin yüksək olmasından narahatdır. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin bu gün keçirilən iclasında komitənin bəzi üzvləri məsələ ilə bağlı narahatlıqlarını bildiriblər. Millət vəkilləri qeyd ediblər ki, istehlak kreditləşməsinin sürətlə artması ölkə iqtisadiyyatı üçün təhlükə yaradır.Komitənin sədri Ziyad Səmədzadə qeyd edib ki, sonuncu dünya maliyyə böhranı məhz istehlak kreditləşməsinin həddindən artıq genişlənməsi səbəbindən başlayıb və sonradan böhran iqtisadiyyatın digər sahələrinə də keçib.Bununla yanaşı iclasda qeyd olunub ki, istehlak kreditləşməsi sahəsində banklar tərəfindən aparılan işlər nəticəsində əhalinin borclanmasına gətirib çıxarır. Yaxın zamanlarda bu məsələ ilə bağlı millət vəkillərinin Azərbaycan Mərkəzi Bankının rəhbərliyi ilə görüşü keçiriləcək ki, burada həmin problem ciddi müzakirə olunacaq.