Milli Mətbuatın yaranmasının 136 illiyi ilə əlaqədar fərdi jurnalist yazılarının müsabiqəsi elan edilib

MARAQLI
20:52 17.06.2011
2008

Fonddan verilən məlumata görə, müsabiqə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq elan edilib.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazılar Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında Azərbaycan dilində dərc edilməlidir.
Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir. Region mətbuatında çalışan jurnalistlər öz yazılarını işlədiyi region mətbuatında və ya müsabiqənin qaydalarında nəzərdə tutulan digər mətbu orqanlarda dərc edə bilərlər.

Müsabiqədə hər mövzu üzrə üç qalib müəyyən edilib, iki qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, bir yer isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub. Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunub. 25-dan aşağı bal toplayan iştirakçı qalib ola bilməz. Qaliblər Fondun xüsusi diplomu və 1000 manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar. Müsabiqənin nəticələri iyulun 22-də elan ediləcək. Müsabiqəyə təqdim olunan yazılar və sənədlər iyunun 18-dən iyulun 16-dək rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Fonda şəxsən təqdim olunmalıdır.

OXŞAR XƏBƏRLƏR