Milli Mətbuatın 150 illik yubileyi - Çətinliklər və hədəflər

Milli Mətbuatın 150 illik yubileyi - Çətinliklər və hədəflər
ÖZƏL
12:04 22.07.2025
252
Bu gün Azərbaycan mətbuatının 150 illik yubileyi qeyd edilir.
 
Mətbuatımız uzun və keşməkeşli yollardan üzüağ çıxaraq bu günlərə gəlib.
 
Həsən bəy Zərdabi ilə yaranan qəzet bu gün kifayət qədər auditoriyaya malik oxu vasitəsi olub.
 
Əsrlər və illər ötdükcə hər bir jurnalist üçün miras qoyulan bu mətbuat tərəqqidən geri qalmayıb. Daim xalqın səsini, problemini çatdıra bilib.
 
Bugünkü mətbuatımızdan danışdıqda isə əlbəttə ki, çətinliklər, problemlər və bunların həlli yolları müzakirə edilir.
 
Bəs, müasir Azərbaycan mətbuatının hazırkı çətinlikləri və bunların həlli yolu istiqamətində qoyulan hədəfləri nədir?
 
Mövzu ilə bağlı BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli AZXEBER.COM-a açıqlama verib:

 

"Əlbəttə ki, mətbuat, bayram günündə tənqidlərdən çox danışmırlar və Azərbaycan mətbuatı bu gün bəlli bir inkişaf səviyyəsinə gəlib çatıb. Xüsusən texnoloji baxımdan, dünya standartlarına yaxınlaşmaq mənasında mətbuatımızın uğurları var. Amma məzmun, peşəkarlıq baxımından bizim ciddi problemlərimiz var".
  
O, hesab edir ki, mətbuatın gələcəyi azad mətbuatla bağlıdır. 
 
"Mənə elə gəlir ki, bu dünyada qəbul olunmuş bir qaydadır ki, mətbuatın gələcəyi azad mətbuatla bağlıdır. Əgər biz ölkədə azad mətbuatın inkişafına şərait yaratmasaq, həqiqi mətbuatın missiyasının gerçəkləşməsindən bağlı problemləri görəcəyik. O baxımdan əlbəttə ki, bu gün Azərbaycanda kifayət qədər qəzet, televiziya, radio, saytlar, onlayn media, internet mediası fəaliyyət göstərir, bunlar müsbət cəhətdir. İndi bütün dünyada media seqmenti dağınıq vəziyyətdədir, Çünki sosial şəbəkələr burada ciddi problemlər yaradır".
 
Əməkdar jurnalist bugünkü medianın əsas iki problemini açıqlayıb:
 
"İkinci bir tərəfdən, əgər bugünkü mətbuatın problemlərindən danışsaq, biz burada ciddi şəkildə iki problemi qabartmalıyıq. Bunun birincisi, mediada dezinformasiyaların, saxta məlumatların, manipulyasiyanın artmasıdır. İkinci, süni intellektin mətbuata sürətlə nüfuz etməsidir. Hətta bəzən jurnalistlər, peşəkar media qurumları da süni intellektin təsiri altında olur və bu çox qorxulu tendensiyadır. Yəni, bu problemləri aradan qaldırmaq üçün biz media savadlılığını tədris eləməliyik, jurnalistlərin peşəkarlığını artırmalıyıq. Xüsusi proqramlar işləməliyik və bütün bunların da nəticəsində əlbəttə ki, biz mətbuatımızın keyfiyyətcə inkişaf mərhələsinə gəlib çıxmalıyıq".
 
Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli də AZXEBER.COM-a açıqlamasında Milli Mətbuatın 150 illik yubileyinin keçirilməsinə münasibət bildirib:
 

 

"Bildiyiniz kimi, bu il Azərbaycanda milli mətbuatımızın 150 illik yubileyi qeyd olunur. Bu əlamətdar hadisə Həsən bəy Zərdabinin 1875-ci ildə nəşr etdirdiyi "Əkinçi” qəzetindən başlayaraq, Azərbaycan jurnalistikasının keçdiyi çətin və zəngin yolu yenidən xatırlamaq, eyni zamanda gələcəyə dair perspektivləri qiymətləndirmək üçün önəmli bir fürsətdir. Milli mətbuatımız maarifçilik ideyalarının yayılmasında, milli kimliyin formalaşmasında, azad sözün və ictimai şüurun inkişafında mühüm rol oynayır. 

Jurnalist əlavə edib ki, mətbuatımız Sovet dövründə senzuraya məruz qalsa da xalqın haqq səsini çatdıra bilib:

"Sovet dövründə senzura altında fəaliyyət göstərsə də, müstəqil jurnalistikamız yenə də xalqın səsini çatdırmaq, sosial problemləri gündəmə gətirmək üçün vasitə olub. 

Azərbaycan mətbuatı 150 illik zəngin tarixə malik olmaqla yanaşı, bu gün yeni bir transformasiya mərhələsindədir. Əsas çağırış informasiya bolluğu dövründə dəqiq, obyektiv və etibarlı informasiya ilə cəmiyyətə xidmət etməkdir. Şübhəsiz ki, bir sıra çətinliklər mövcuddur. Ancaq istənilən halda hədəf peşəkar, azad və məsuliyyətli medianın formalaşmasıdır”.

Media eksperti bildirib ki, rəqəmsal dövrün ən böyük problemlərindən biri sosial mediada yayılan təsdiqlənməmiş məlumatlardır:

"Son illər mediamız tamamilə yeni bir mərhələyə qədəm qoydu, azadlıqla bərabər məsuliyyət də artdı. Xüsusilə sosial şəbəkələrin və süni intelektin rolunun artdığı bu dövrdə geniş ictimaiyyət arasında yanlış informasiyaya tez inanmaq problemləri yaranıb. Ümumiyyətlə, rəqəmsal dövrün ən böyük problemlərindən biri məhz sosial mediada sürətlə yayılan təsdiqlənməmiş məlumatlardır. Bunun üçün də Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası tərəfindən media savadlığının artırılması istiqaməti üzrə bir sıra addımlar atılır. 

V.Həsənli hesab edir ki, cəmiyyətimiz dəqiq informasiya mənbəyi kimi daim jurnalistikaya inanmalıdır:

"Bəzən peşəkar jurnalistika ilə sosial şəbəkə bloggerliyi qarışdırılır. Ancaq bloggerlik heç zaman jurnalistikanın həqiqi missiyasını dəqiq yerinə yetirə bilməz. Bu baxımdan cəmiyyətimiz obyektiv və dəqiq informasiyanın mənbəyi kimi daim jurnalistikanı görməli, ona inanmalıdır”.

Mikayıl Mirzəzadə
 
Yazı Medianın İnkişafı Agentliyinin "fikir söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
 

 


OXŞAR XƏBƏRLƏR