Milli provayderlərin İnformasiya Cəmiyyətinin inkişafına göstərdiyi təsir
Bu gün dünyanın milyonlarla kompyuterini birləşdirən qlobal internet şəbəkə özünün forma və tərkibi baxımından cürbəcür, miqdarca sərhədsiz olan şəbəkə resursları ilə cəmiyyətin sosial təşkilinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu şəbəkə genişləndikcə internetin imkanları da artırılmış, yeni internet xidmət növləri yaradılmışdır. Təbii ki, internetin maddi maraqlara xidmət etməsi İnformasiya cəmiyyətinin formalaşmasına xüsusi təsir göstərməyə başlaşlamışdır.
Azərbaycanda isə, internetin inkişafı keçən əsrin 95-ci illərindən başlayıb. Ötən müddət ərzində qlobal şəbəkə öz ətrafına yüz minlərlə Azərbaycan vətəndaşını toplayıb. Sosial şəbəkələrin Azərbaycanda ictimai rəyin formalaşmasına təsir göstərməsi, əhalinin online alış-verişə göstərdiyi maraq, internet vasitəsi ilə abituriyentlərin sınaq və qəbul imtahanları üçün sənəd verməsi, ixtisas seçməsi, dövlət qurumlarının saytlarının yaradılması, orda bu təşkilatlar barədə ətraflı məlumatın yerləşdirilməsi, internet vasitəsi ilə vətəndaşların suallarına cavab verilməsi, şikayət və ərizələrinə baxılması, iş yerlərinə müsabiqə elan edilməsi və s. kimi xidmətlərin artması artıq informasiya cəmiyyətinin yaradılması üçün bir stimul rolunu oynayır. Təbii ki, cəmiyyətdə informasiyanın alışı zamanı verilən ictimai rəydə məhz internetin imkanları daxilində gerçəkləşir. Bu həm ictimai rəyin formalaşmasını sürətləndirir, həm də informasiya cəmiyyətinin inkişafı yolunda olan problemlərə işıq tutur.
Bu gün informasiya cəmiyyətinin inkişafında ən böyük problemlərdən biri, Azərbaycan əhalisinin istifadə etdiyi internet provayderlərin göstərdiyi xidmətin ödənilən məbləğlə verilən internet çəkisi arasında yaranan təzadlı məqamdır. İstər dövlət, istərsə də özəl provayderlərin tərəzidə insanları aldatması artıq ölkədəki İKT sektorunun inkişafına birmənalı şəkildə ziyan vurmaqdadır. Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) məhz bu halın aradan qaldırılması üçün müəyyən işlərin görüldüyünü söyləsə də, insanlarda olan inamsızlıq ilk növbədə informasiya cəmiyyətinə olan güvəni sarsıdır.
Birinci əl provayderin məsuliyyəti, ikinci əl provayderlərin üzərinə atması və ikinci əl provayderlərin eyni məsuliyyəti DELTA-nın məsuliyyətinə aid etməsi vəziyyətin həqiqətən heçdə ürəkaçan olmadığını göstərir. Sonuncu dəfə 2011-ci ilin oktyabr ayından etibarən başlayan qiymət endirimləri də, bu gün əhalinin aldadılmasını siğortalamır. Əvvəlcə kiçik bir xatırlatma verim ki, ilk dəfə Azərbaycanın dövlət internet provayderi - Aztelekom.net 2011-ci il oktyabr ayının 1-dən genişzolaqlı internet xidmətlərinin qiymətlərinin aşağı salınması barədə elan verdi. Bu dəfə dövlət provayderinin tarifləri kanalın sürətindən asılı olaraq faiz nisbəti ilə 25-50 faiz arasında aşağı saldıqlarını söylədilər. Bu orta hesabla 40% edir. Bununla da əvvəllər 1 Mbit/s kanal sürəti üçün 20 manat ödəyən abonent, oktyabrın 1-dən etibarən internetə 2 Mbit/s sürəti ilə daxil olmağa başladı. Eyni zamanda tariflərə 18% ƏDV daxil edildi.
Maraqlısı isə, verilən internetin 2 Mbit/s sürət olub-olmamasıdır. Çünki, bir sıra sürət öçücü resurslarda internetin keyfiyyətini ölçən zaman maraqlı bir mənzərənin şahidi olmaq olur. Aydın olur ki, sənin 20 AZN verib 1 ay limitsiz qoşulduğun 2 Mbit/s əslində heç 1 Mbit/s-də deyilmiş.
Qəbul olunmuş Milli Strategiya və Dövlət Proqramlarında elektron informasiya məkanında Azərbaycan seqmentinin genişləndirilməsi, Azərbaycan dilinin geniş istifadəsinin təmin olunması, ana dilimizdə proqram təminatının və milli internet informasiya resursları kataloqunun yaradılması, milli axtarış saytlarının inkişaf etdirilməsi, elm və təhsil sahəsində informasiya və biliklərin mübadiləsini təmin edən kompyuter şəbəkələrinin inkişaf etdirilməsi, ölkəmizdə bütün ümumtəhsil məktəblərinin internetə qoşulması, vahid milli elektron informasiya məkanının formalaşdırılması, milli informasiya resurslarının ümumdünya elektron informasiya məkanına inteqrasiyası və onların beynəlxalq aləmə çatdırılması, Azərbaycan diasporuna elektron informasiya dəstəyinin təmin olunması və digər tədbirlərin keçirilməsi nəzərdə tutulursa, o zaman bu cür neqativ halların artmasının kəskin qarşısı alınmalıdır. Ən azından bu cür neqativ hallar Azərbaycanda informasiya cəmiyyətinin inkişaf meyyarlarına çox böyük zərbə endirir.