‘Milli Şura Rusiyanın Azərbaycana qarşı layihəsidir’ - Əhməd Oruc

SİYASƏT
01:01 11.06.2013
2118

“Bəzi partiyalar, xüsusilə də ACP və ALP adətən böyük birlik adı altında Məşvərət Məclisinin fəaliyyətini ləngidib, ona qarşı çıxış ediblər”. Bu açıqlamanıAPA-ya Azadlıq Partiyasının sədri, Demokratik Qüvvələrin Məşvərət Məclisinin üzvü Əhməd Oruc verib.

Partiya sədri bildirib ki, Milli Şurada iştirakla bağlı ona təklif gəlib, o isə bundan imtina edib: “Çünki ilk gündən bilirdim ki, Milli Şura Rusiyanın Azərbaycana qarşı olan bir layihəsidir. Mən milli xətti olan bir adamam. Bütün ömrüm boyu da millətin mənafeyini heç vaxt hansısa dövlətlərin mənafeyinə satmamışam. İndi də Rusiyanın bir layihəsində yer almağı qətiyyən doğru hesab etmirəm. Ona görə də ideoloji əsası olmayan, heç bir şəffaflığı olmayan, Azərbaycana qarşı təhdidlərin yer aldığı bir qurumda təmsil olunmaq istəmədim”.

Ə.Oruc DQMM-ə daxil olan bəzi partiyaların Milli Şurada təmsil olunmasına da münasibət bildirib. Onun sözlərinə görə, quruma daxil olan bəzi partiyalar, xüsusilə də ACP və ALP adətən böyük birlik adı altında Məşvərət Məclisinin fəaliyyətini ləngidib, ona qarşı çıxış ediblər: “Məsələn, biz seçkilərlə bağlı mövqeyimizi dəqiqləşdirmək istiqamətində addım atanda həmin partiyalar gözləməyi məqbul sayıblar. Həmçinin onlar uzun müddət idi ki, Milli Şurada təmsil olunmaq istəyirdilər. Sonra biz də bildirdik ki, kimlər istəyirsə, Milli Şurada təmsil oluna bilər. Mən orda da öz mövqeyimi bildirdim ki, Milli Şuraya gedənlər Azərbaycanın mənafelərini satmağa hazır olan adamlardır”.

DQMM üzvünün fikrincə, əvvəl Məşvərət Məclisinin üzvü olan, indi isə Milli Şuraya qoşulan partiyalar DQMM-dən çıxmalıdırlar: “Həmin partiyalar Milli Şurada təmsilçiliklə yanaşı, Məşvərət Məclisində də iştirak etmək istəyirlər. Milli Şuraya gedəndə də Məşvərət Məclisini buraxıb getmək istəmirlər, onlar qurumu yararsız hala saldıqdan sonra tərk etmək istəyirlər. Baxmayaraq ki, bu adamların mövqeləri məntiqi deyil. Milli Şuraya qoşulmaq istəyirsənsə, buradan çıx. Lakin onlar burda da qalıblar. Bu onu göstərir ki, bu adamlar heç bir şeyə inanmırlar, hər yerdə olurlar, lakin heç yerdə yoxdurlar”.

ACP sədri Sühəddin ƏkbərAPA-ya açıqlamasında Ə.Orucun ittihamlarının onu maraqlandırmadığını və bundan sonra da DQMM-də təmsil olunacaqlarını deyib: “Əhməd Orucun nə dediyi məni maraqlandırmır. Biz bundan sonra da Məşvərət Məclisindəki fəaliyyətimizi davam etdirəcəyik. Çünki ACP Məşvərət Məclisinin işini aparan əsas təşkilatlardan biridir və öz funksiyasını yenə də davam etdirəcək”.

ALP sədri Əvəz Temirxan isə məsələyə şərh vermək istəmədiyini bildirib.

OXŞAR XƏBƏRLƏR