Eksklüziv
Qapalı Tbilisi görüşü açılır
Azxeber.com Milli Şuranın Tbilisidə keçirilmiş əvvəlcə təkbətək nəzərdə tutulan, sonradan üçtərəfli formatda davam etdirilən Rüstəm İbrahimbəyov-İsa Qəmbər-Eldar Namazov görüşü ilə bağlı eksklüziv məlumat əldə edib. Qapalı görüşdə iştirak edənlərdən birinin çox yaxın çevrəsindən sızan mötəbər məlumata görə, görüş olduqca əsəbi şəraitdə keçib. İsa Qəmbər qapalı görüşdə Eldar Namazovu Rüstəm İbrahimbəyovun yaranmış pasport probleminə görə tənqid edib. İsa Qəmbər ironiya edib ki, adi bir paspost məsələsinin doğura biləcəyi fəsadı hesablaya bilməyən Eldar Namazov lazım gələrsə, mühüm dövlət sənədlərini imzalamaq iddiasındadır.
Xatırladaq ki, Tbilisi görüşündən sonra “Yeni Müsavat” qəzetinin 06 avqust tarixli sayında Eldar Namazov pasport məsələsi ilə əlaqədar etirafda bulunub: “Biz özümüz, demokratik düşərgənin liderləri də bu məsələdə vəziyyəti vaxtilə düzgün qiymətləndirməmişik”.
Azxeber.com-a açıqlamasında səhihliyinə şübhə edilməyən mənbə onu da deyib ki, həmin etiraf qapalı görüşdə də olub, lakin İsa Qəmbər bununla razılaşmayıb. Belə ki, İ.Qəmbər Rüstəm İbrahimbəyovun yanında açıq şəkildə deyib ki, Eldar Namazov bu problemi qəsdən vaxtında qaldırmayıb, çünki bununla öz namizədliyinə qapı açmaq istəyib. Məhz bundan sonra görüşə E.Namazov dəvət olunub. Gərgin anlar yaşandığı görüşdə Eldar Namazov da İsa Qəmbəri Milli Şuranın işini pozmaqda, öz oyununu oynamaqda ittiham edib, deyib ki, İsa Qəmbər Tbilisiyə Rüstəm İbrahimbəyova görə yox, Əli Kərimlini seçkilərdən kənarda qoymaq üçün gəlib.
İş o yerə çatıb ki, Rüstəm İbrahimbəyov danışıqları idarə edə bilməyib, getdikcə gərginləşən görüşü yarımçıq saxlamalı olub, isterik vəziyyətdə Moskvaya qayıdıb. Eldar Namazovun da məhz onu sakitləşdirmək üçün Tbilisidən Moskvaya getdiyi sızan məlumatlar sırasındadır.
Ancaq belə razılaşdırılıb ki, Bakıda olan ümidləri qırmamaq üçün mətbuata görüşün pozitiv ruhda olması barədə açıqlamalar verilsin. Məhz bu gərgin görüşdən sonra həm R.İbrahimbəyov, həm də E.Namazov vəziyyəti yumşalda biləcək açıqlamalar verməyə çalışıblar, ancaq artıq vəziyyət nəzarətdən çıxıb.
Siyasi ekspertlərin qiymətləndirmələrinə görə, elə əvvəldən də Tbilisi görüşünün fiaskoya uğrayacağı bəlli idi, çünki ortada həmrəylik görüntüləri kosmetik xarakter daşıyırdı.
Azxeber.com-u bilgiləndirən qaynaq məhz buna görə, İsa Qəmbərin Tbilisidən qayıdandan sonra tələsik İctimai Palatanı “diriltmək” üçün fəaliyyətə keçdiyini söyləyib. Lakin ekspertlər deyir ki, Milli Şura məhz İctimai Palatanın səmərəsizliyinə görə yaradılmışdı, indi yenidən geriyə qayıtmaq seçkilərə günlərin sayıldığı bir vaxtda “sıfırdan başlamaq” olacaq.
Yaranmış vəziyyət isə bütün bəyanatlara rəğmən müxalif düşərgənin əslində seçkilərə hazır olmadığını nümayiş etdiririr. Bunun müqabilində isə hakim partiya seçkilərə ciddi addımlarla daxil olur.