10 avqustda AXCP Ali Məclisini toplayır
Sabah AXCP Ali Məclisinin toplantısı olacaq. Bu barədə məlumatı musavat.com-a AXCP Ali Məclisinin üzvlərindən biri verib. O deyib ki, Ali Məclisin toplantısında əsasən Milli Şura ilə bağlı yaranmış vəziyyət müzakirə olunacaq. Tədbir saat 11-də Müsavat Partiyasının qərargahında başlayacaq.
Mənbəmiz onu da vurğuladı ki, Ali Məclisdə Rüstəm İbrahimbəyovun seçkiyə qatılması mümkün olmayacağı variant üzrə mühüm bir qərar da qəbul oluna bilər. Bu da təşkilatın sədri Əli Kərimlinin prezidentliyə namizəd olaraq rəsmən irəli sürülməsidir. Musavat.com qeyd edir ki, bu variant gerçək olarsa, bu, AXCP-nin indiyə qədər apardığı siyasətdən və təbliğat kursundan imtina anlamına gələcək. Bu təşkilat Milli Şura təsis olunan ilk gündən kampaniya aparır ki, İbrahimbəyovdan başqa hər hansı Milli Şura üzvünün prezidentliyə namizəd olması yolverilməzdir.
Məhz bu məntiqlə, Müsavat Partiyasından prezidentliyə namizəd kimi irəli sürülmüş İsa Qəmbər AXCP-yə yaxın media quruluşlarında və sosial şəbəkələrdə şiddətlə tənqid edilir.