30 ilə yaxın bir müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılmış Azərbaycan Respublikasının tarixi ərazisi olan Qarabağ bölgəsi özünəməxsus geoloji quruluşa, olduqca zəngin təbii sərvətlərə malikdir. Ən zəngin faydalı qazıntı yataqları həmin ərazilərdə yerləşir.
Ermənistanın hərbi təcavüz nəticəsində Azərbaycanın canlı təbiətinə, flora və faunasına, yeraltı və yerüstü təbii sərvətlərinə, tarixi abidələrinə qarşı yönəltdiyi terror əməlləri təkcə xalqımıza deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş təhdiddir. 30 il ərzində beynəlxalq təşkilatların diqqətinə bu istiqamətdə zəruri məlumatların çatdırılmasına baxmayaraq işğalçı Ermənistana qarşı heç bir tədbir görülməmişdir. Faydalı qazıntı yataqlarının talanı, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, su anbarları və ətraf mühitin çirkləndirilməsi üzrə ekoloji zərərlər ölçüyə gəlməzdir.
Bu illər ərzində Ermənistan Azərbaycanın bütün növlərdən olan faydalı qazıntılarını xarici şirkətlər tərəfindən necə gəldi vəhşicəsinə talan etdirib və bu talanı bu gün də davam etdirərək ərazidən çıxarılmasına şərait yaradır.
Neçə illərdir ki, təbii su mənbələrimiz Ermənistan tərəfindən həddindən artıq çirklənməyə məruz qalıb. Ermənistan ekoloji normativləri kobud şəkildə pozaraq atom elektrik stansiyasında hasil olunan nüvə tullantılarını Qubadlı və Laçın rayonları ərazilərində ört-basdır ediblər. Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində min hektarla otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yandırılaraq məhv edilmiş, torpağın üst münbit qatı yararsız hala düşmüşdür. Ermənistan hökuməti bu cinayətlərin törədilməsində məsuldur və cavab verməlidir.
İllərdir xalqımız bu əməllərə qarşı çarəsiz idi. Lakin Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində 44 gün ərzində ərazi bütövlüyümüz bərpa edildi. Artıq Azərbaycan xalqı ərazi bütövlüyünü pozmağa çalışan və təbii sərvətlərimizi talan edən bir qrup erməni quldurunun əməllərinə göz yummağa məcbur deyil.
Laçın-Şuşa yolunda Azərbaycan ekoloqları, qeyri-hökumət təşkilatlarının nümayəndələri və fəalların keçirdiyi ədalətli tələblərinə dəstəyin günü-gündən artması, bu etirazın xalqımız adından keçirildiyini bir daha təsdiqləyir. Azərbaycan xalqının bu sarsılmaz iradəsi qarşısında ermənipərəst şəxslər və qüvvələr geri çəkilməlidirlər.
Ermənistanın həmişəki kimi ölkəmizə qarşı ittihamları ara vermir. Ekoloji təhdidə, talana qarşı azərbaycanlıların aksiyası Xankəndində humanitar böhrana səbəb olması kimi ictimailəşdirilir. Rus sülhməramlılarının aksiya iştirakçılarının haqlı tələblərinə əməl etməmələri göz önündədir. Hər halda bu susqunluq birmənalı qarşılanmır, sayqısızlıq kimi dəyərləndirilir.
Azərbaycan xalqına məxsus olan təbii sərvətlərin bundan sonra erməni separatçılarının talayıb, xaricə aparmasına imkan verilməməlidir. Çünki ermənilər və onların havadarları 30 ildir ki, bu istiqamətdə durmadan fəaliyyət göstərirlər. Ermənistan öz qeyri-qanuni fəaliyyəti ilə illərdir beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur.
Etiraz aksiyası ilə təmsil olunan bu haqlı hərəkat ölkəmizdə Vətən müharibəsindən sonra milli hədəflər uğrunda ən kütləvi mübarizədir. İştirakçılarının konkret tələbi budur. Qondarma rejim Azərbaycan torpağında özbaşınalıq edə bilməz. Rusiya sülhməramlıları Azərbaycanın öz ərazisində təbii sərvətlərin talanıb-daşınması, qeyri-qanuni istismarı, eyni zamanda ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq aparmasına şərait yaratmalıdırlar.
Naftalan şəhər sakini Afət Mustafayeva