“MilliÖn” aparatları sərnişinləri boğaza yığıb

MƏDƏNİYYƏT
18:39 05.09.2016
2646
Avadanlıqlarda ciddi problem yaranıb, pulu qapır, amma balansa yükləmir
Nuridə Allahyarova: «Biz şirkətə müraciət etmişik, aradan qaldıracaqlarına söz veriblər»
Avropa Oyunlardından sonra paytaxtın nəqliyyat sistemində ciddi dəyişikliklər aparılıb. Getdikcə əhatə dairəsini genişləndirən “Baku bus” marşrutlarında nəğd ödəniş ləğv olunub, kart sistemi fəaliyyətə başlayıb.
Kart sisteminə keçidlə bağlı müştərilərin ən çox yaşadığı problem dayanacaqda yerləşən “MilliÖn” aparatlarının normal işləməməsidir. Paytaxtın əksər yerlərində “MilliÖn” və “Bakıkart” aparatları qoyulub. Bizimyol.info-ya şikayət edən 75 yaşlı Bakı sakini Sabir Ağayev bildirib ki, “Nizami” metrosu yaxınlığındakı dayanacaqlarda yerləşdirilən aparatların demək olar ki, heç biri işləmir. Bu isə yaşlı şəxslər üçün problem yaradır: “75 yaşım var. Dedilər kart sisteminə keçiblər. Bunu normal qarşıladıq. Ancaq bu prosesi həyatımız üçün asanlaşdırmalıdırlar. Yaşlı kişiyəm, hər dəfə kartımda pul qurtaranda məcburam, yolu keçim gedim o biri tərəfdən “Bakı kart” aparatı tapıb, pul yükləyim. Belə olmaz axı. Neçə dəfə zəng vurub şikayət etmişəm. Hər dəfə deyirlər ki, şikayətiniz qeydə alındı. Ancaq ortada bir şey yoxdur. Artıq neçə vaxtdır belədir. İndi mən dərdimi kimə deyim? Hər dəfə kimdənsə xahiş etməyə utanıram. Özüm də güclə gəzirəm. Indi mən o qədər yolu necə gedəcəm?”
“MilliÖn” aparatlarında yaranmış probledən şikayətçi olan təkcə Sabir dayı deyil. Digər Bakı sakini Cavid Rüstəmov da deyir ki, artıq neçənci dəfədir, karta pul yüklənmir: “Bu gün düz 4 dəfə ödəniş etdim. Hər dəfəsində aparat 1 manatı alıb saxlayır, ancaq balansa yükləmir. Beləcə 4 manatım boş yerə getdi. Göstərilən qaynar xəttə də zəng vurdum. Yarım saat da ona gözlədim. Ancaq operator cavab vermədi. Beləcə həm pulumdan, həm konturumdan, həm də vaxtımdan oldum. Kart sistemi insanların həyatını asanlaşdırmaq üçündür, onlara problem yaratmaqdan ötrü yox. Avtobus sürücülərinə də nə qədər şikayətlər olur. Bütün günü avtobusla hərəkət etdiyimdən həmin şikayətlərin şahidi oluram. Onlar da deyir ki, zəng vurub bildiririk, ancaq gəlib baxmırlar. Beləcə problem yaşayırıq hər gün”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Bizimyol.info-ya bildirib ki, həm “Bakı kart”, həm də “MilliÖn” avadanlıqları ayrıca şirkətlərdir. Hansı ki, dövlətin nəzarətində olan marşrutlara xidmət göstərən avtobuslara kart xidməti göstərirlər: “Yəni, biz onlardan xidmət alırıq. Dövlət şirkəti deyillər və dövlət tabeçilikləri yoxdur. Təbii ki, Bakı Nəqliyyat Agentliyi olaraq kart sisteminə keçid tələb olduğu üçün avtobuslarda da mərhələli şəkildə bu sistemə keçirlər. Bununla bağlı olaraq sərnişin razı qalması, kart imkanlarından rahat istifadə etməsi Bakı Nəqliyyat Agentliyi tərəfindən nəzarətdə saxlanılır. Son zamanlar “MilliÖn” aparatları ilə bağlı bizə də şikayətlər daxil olub. Avadanlıqlarla bağlı texniki problemlər var və aradan qaldırılacağına söz veriblər. Bu günə qədər 15 marşrut xətti üzrə avtobuslar kart sisteminə keçiblər. 9-u əvvəl idi, indi də 6-sı bu sistemə keçdi. 15 marşrut xətti üzrə dayanacaqların hamısında “Bakı kart” aparatları quraşdırılıb. Tək həmin dayanacaqlarda yox, eyni zamanda kartı yükləmək üçün bütün sərnişinlərin istifadə etdiyi bütün metro stansiyalarının girəcəklərində “Bakı kart” aparatları mövcuddur. Sərnişinlər ordan da istifadə edə bilərlər”.
N.Allahyarova deyir ki, bu məsələnin bir tərəfidir. Başqa tərəfi isə sərnişinlərlə bağlıdır: “Sərnişinlər adaptasiya prosesini çətin keçirlər. Kart sistemi artıq indi-indi 15 xətt üzrədir. Ancaq bizim məqsədimiz var ki, bütün marşrut xətlərini kart sisteminə keçirək. Ona görə də sərnişin bilməlidir ki, o kartına müvafiq limiti yükləməlidir. Təbii ki, biz bunu sərnişin qarşısına tələb kimi qoya bilmərik. Ancaq sərnişin də bilməlidir ki, bu avadanlıqlar dünyanın heç bir ölkəsində bütün dayanacaqlarda quraşdırılmır. Biricinsi, bu çox baha başa gələn avadanlıqlardır. İkincisi, həmin avadanlıqların hər yerdə quraşdırılması nəzərdə tutulmur. Sərnişin bunun üçün bir az məsuliyyətli olmalıdır. Kart sistemi nağdsız ödəniş deməkdir. Bizim sərnişinlər alışıblar, evdən çıxan zaman karta 40 qəpik yükləyirlər. Əgər həmin 40 qəpiklə növbəti sərnişə avtobusa keçməyə kömək edərsə, kartında balans qalmır. Bu zaman sərnişin başlayır günahlandırmağa ki, ətrafda kart yükləməyə avadanlıqlar yoxdur. Təbii ki bütün aparatların normal işləməsi zəruridir. Bununla bağlı bizdə şirkətin özünə müraciət etmişik. Tez bir zamanda şirkət məsələnin həllinə nail olacağını söyləyib”“- deyə N.Allahyarova bildirib.

OXŞAR XƏBƏRLƏR