Mirzə Babayevin 100 illik yubileyi qeyd edilib

MƏDƏNİYYƏT
11:40 27.11.2013
1557

Noyabrın 26-da Heydər Əliyev Sarayında görkəmli müğənni, Xalq Artisti Mirzə Babayevin 100 illik yubiley gecəsi keçirilmişdir.

AZXEBER.COM AzərTAc-a istinadən xəbər verir ki, tədbirdən əvvəl jurnalistlərə müsahibə verəm mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölməz sənətkarın həyat və yaradıcılığından, bənzərsiz sənət dünyasından söz açmışdır.Bildirilmişdir ki, ilk ali təhsilini Sənaye İnstitutunun memarlıq fakültəsində almış Mirzə Babayev Bakıda və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir.M.Babayev müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlamışdır. O, 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına - məşhur müğənni Bülbülün sinfinə daxil olmuşdur. 1953-cü ildə konservatoriya təhsilini başa vuran istedadlı müğənni vokal sənətinin incəliklərinə yiyələnərək ürəyəyatımlı səsi, gözəl ifa tərzi, dərin musiqi duyumu və yüksək səhnə mədəniyyəti ilə qısa müddətdə tamaşaçıların böyük rəğbətini qazanmışdır.Nazir vurğulamışdır ki, o, müxtəlif illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin estrada orkestrində, Azərbaycan Dövlət Filarmoniyasında, Azərbaycan Dövlət Konsert Birliyində çalışmışdır. Görkəmli müğənnin radionun qızıl fondunda saxlanan xeyli sayda mahnısı vardır.Mirzə Babayev bir aktyor kimi Azərbaycan kinosunun inkişafında böyük rol oynamışdır. Azərbaycan kinosunda onun yaratdığı rolların özünəməxsus gözəlliyi vardır. Bu rolların epizodik və yaxud böyük həcmli olmasının o qədər də fərqi yoxdur. Mirzə Babayev yaratdığı obrazı duyur, öz içindən keçirir və tamaşaçıya onu bütöv xarakter kimi təqdim edirdi. Onun müxtəlif vaxtlarda çəkildiyi filmlər müğənninin xalq arasında şöhrətini xeyli artırmışdır. Aktyorun “Dərviş Məstəli şah”, “Dəli Kür”, “Telefonçu qız”, “Romeo mənim qonşumdur”, “Qorxma, mən səninləyəm”, “Bəyin oğurlanması” və digər sənət əsərlərində yaratdığı maraqlı və rəngarəng obrazlar kino sənətimizin ən şərəfli səhifələrinə yazılmışdır. O, 30-dan çox filmə çəkilmiş və kinolarımızda mahnı ifa etmişdir.Diqqətə çatdırılmışdır ki, Mirzə Babayevin zəhməti həmişə dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Xalq Artisti, iki dəfə “Humay” mükafatının laureatı olmuşdur.Bu gün onun çəkildiyi filmlərə, televiziya verilişlərinə baxdıqca böyük sənətkara xalq məhəbbətinin, onun musiqimizin inkişafındakı xidmətlərinin canlı şahidinə çevrilirsən.Qeyd edilmişdir ki, Mirzə Babayev Azərbaycan estrada musiqisini yüksəklərə qaldırmış, onu sevdirmiş, səsi və ifaçılıq məharəti ilə öz orijinal üslubunu yaratmışdır.Mirzə Babayev milli musiqimizi xarici ölkələrdə çox məharətlə təmsil etmişdir. Dünyanın bir çox ölkələrində yüksək ifaçılıq məharəti ilə Azərbaycanımızın musiqi sənətinin təbliğatçısı kimi tanınmışdır.Gecədə sənətkarın oxuduğu mahnılardan, çəkildiyi filmlərdən parçalar təqdim edilmişdir.Tanınmış ifaçıların və gənc musiqiçilərin sənətkarın repertuarından səsləndirdikləri mahnılar alqışlarla qarşılanmışdır.

OXŞAR XƏBƏRLƏR