Gəncə şəhər İcra Hakimiyyətinin və AMEA-nın Gəncə Bölməsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilib.
Yüksək təntənə, qələbəlik, birlik və dostluq duyğuları ilə müşahidə olunan III Beynəlxalq Şərab Festivalının unudulmaz anlarını yaşayan Gəncə daha bir mühüm beynəlxalq tədbir keçirdi. Əzəmətli Heydər Əliyev Mərkəzi ulu öndərin siyasi kursunun, onun ideyalarının təntənəsi olaraq, aktual və geniş əməkdaşlıq məsələlərinin müzakirə edildiyi, ölkələrarası əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, dostluq və həmrəylik münasibətlərinin yaranmasına təkan verən nüfuzlu bir məkandır.
Konfransda Rusiya, Avstriya, Almaniya, Orta Asiya, Hindistan, Türkiyə, Yaponiya, Mərakeş, Cənubi Afrika, Litva, Polşa, Fransa, Sloveniya və digər ölkələrdən 53 nümayəndə, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, şəhər İcra Hakimiyyətinin rəhbərliyi, elm xadimləri, görkəmli şəxslər, ziyalılar iştirak ediblər.
Konfrans iştirakçıları öncə Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramlarını ifadə edərək onun abidəsi önünə təravətli gül- çiçək dəstələri qoyublar.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli şairi Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş sərgiyə böyük maraqla baxıblar.
Beynəlxalq elmi-praktik konfransı Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev giriş sözü ilə açaraq, konfrans iştirakçılarını salamlayıb.Onları qədim Gəncə şəhərində görməkdən məmnunluq hissi duyduğunu bildirib. Qeyd edib ki, iki gün əvvəl ölkə paytaxtında IV Beynəlxalq Humanitar forum keçirilib. Həmin forumun iştirakçılarından bir qrupu bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və tanınmış maarifçı Mirzə Şəfi Vazehin 220 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi- praktik konfransa gəlib.
Tədbirin şəhərin həyatında çox önəmli, əlamətdar hadisə olduğunu vurğulayan icra başçısı Elmar Vəliyev bu cür konfrans və forumların, görüşlərin humanitar əməkdaşlığa, bütün xalqların dostluq və mehribanlıq şəraitində yaşamasına, müxtəlif sahələrdə yaranan problemlərin birgə həllinə böyük töhfələr verəcəyini söyləyib: “ Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən müdrik, düşünülmüş siyasət xalqımıza yalnız uğur gətirir, haqqa-ədalətə, sülhə, əmin- amanlığa, firavanlığa xidmət edir”.
Elmar Vəliyev dahi mütəfəkkir şair Nizami Gəncəvinin anadan olmasının 870 illiyinin, görkəmli şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyinin UNESCO-nun təşəbbüsü ilə beynəlxalq səviyyədə qeyd olunduğunu Azərbaycan ədəbiyyatının və mədəniyyətinin geniş təbliğində bu istiqamətdə keçirilən tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.
AMEA-nın Gəncə Bölməsinin sədri Fuad Əliyev “Millətlər və mədəniyyətlərarası dialoq”, professor Akif Bayramov “Mirzə Şəfi Vazeh yaradıcılığının tədqiqi məsələləri” adlı məruzələrlə çıxış ediblər
Macarıstan Zeged Universiteti Orta Əsr Araşdırmaları Şöbəsinin müdiri, professor İştvan Zimoni, Tacikistan Elmlər Akademiyasının Dil -Ədəbiyyat, Şərqşünaslıq və Yazılı İrs İnstitutundan tarix elmləri doktoru Lola Dodxudoyeva və başqalarının məruzələr ətrafında çıxışları dinlənilib.
Konfrans çərçivəsində qonaqlar şəhərimizin qədim abidələri , muzey və mərkəzləri ilə tanış olub, Nizami Gəncəvi məqbərəsini, Cavadxanın məzarını ziyarət ediblər.
![](/file/pic/xeber/2014-10-07/52858.jpg)
![](/file/pic/xeber/2014-10-07/52860.jpg)
![](/file/pic/xeber/2014-10-07/52862.jpg)