Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu

Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
SOSİAL
16:16 17.03.2026
226
Misir Ərəb Respublikasında Şəriflər İttifaqının sədri əs-Seyyid Mahmud əl-Şərif Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovu elm və biliyə xidmət sahəsində səmərəli fəaliyyəti, tolerantlıq dəyərlərinin təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrə görə "Peyğəmbərin Möhürü” ordeni ilə təltif edib.

Seymur Nəsirov 25 ildən artıqdır ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. O, 250-dən çox əslən azərbaycanlı alim haqqında məlumatların yer aldığı iki kitabın müəllifidir. Seymur Nəsirov, həmçinin Qahirə Universitetinin Ədəbiyyat fakültəsində təhsil alan 1700-dən çox misirli tələbəyə Azərbaycan dilini tədris edib. Onun elmi məqalələri və ictimai fəaliyyəti ərəb mediasında geniş şəkildə işıqlandırılır.

Seymur Nəsirov 2003-cü ildən Misirdə təhsil alan əcnəbi tələbələrlə çalışır. Bu illər ərzində təsisçisi və rəhbəri olduğu müəssisələrdə dünyanın müxtəlif ölkələrindən minlərlə tələbə yetişdirilib. Hazırda isə dünyanın 65 ölkəsindən Misirdə təhsil alan iki mindən çox tələbə həmin müəssisələrdə təhsillərini davam etdirirlər.

O, səmərəli fəaliyyətinə görə ötən il sentyabrın 3-də Misir Prezidenti tərəfindən birinci dərəcəli "Elm və Fənlər” ordeni ilə təltif olunub. Seymur Nəsirov Misirdə yaşayan əcnəbilər arasında bu ordenə layiq görülən ilk şəxsdir.

Seymur Nəsirov Azərbaycan Prezidentinin Sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə "Tərəqqi” medalı ilə təltif olunub. O, həmçinin 2020-ci ildə "Diaspor fəaliyyətində xidmətə görə” medalı, 2024-cü ildə isə "Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
 
azərtac
OXŞAR XƏBƏRLƏR