Bir müddət öncə öz ərizəsi ilə Akademik Milli Dram Teatrındakı işindən çıxan əməkdar artist Ayşad Məmmədov yenidən səhnəyə qayıdıb.
AZXEBER.COM xəbər verir ki, ötən gün Akademik Milli Dram Teatrının səhnəsində premyerası keçirilən Şah Qacar tamaşasında teatr rəhbərliyi işdən çıxan Ayşad Məmmədova rol verərək onu yenidən işlə təmin edib.
Sözügedən tamaşada baş rolu isə Qacar obrazı ilə ilk dəfə Abbas Qəhrəmanov canlandırıb.
Qeyd edək ki, ötən ilin oktaybr ayında Akademik Milli Dram Teatrının üç aktyoru Ayşad Məmmədov, İlqar Cahangir və Abbas Qəhrəmanov Milli Şuranın mitinqində görüntülənmişdilər. Sözügedən hadisə ciddi müzakirələrə səbəb olmuşdu. Bu hadisədən sonra Abbas Qəhrəmanov açıqlama verərək mitinqə müşahidəçi kimi getdiyini və müxalif düşərgənin fikirlərini bölüşmədiyini ifadə etmişdi.
Ayşəd Məmmədov isə öz ərizəsi ilə işdən çıxdığını bildirmişdi.
Sözügedən hadisədən sonra Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında aktyorların müxalif qüvvələrin mitinqinə qatılması haqda danışmışdı. O hər zaman dövlət tərəfindən mükafatlandırılan aktyorların bu cür addım atmasını kəskin qınamışdı
"Əfsuslar olsun ki, dövlət mükafatlarını almış bəzi insanlar bu yaxınlarda gedib dövlət əleyhinə çıxışlar zamanı öz səslərini ucaldıblar. Bu, heç bir mədəniyyət işçisinin daxili dünyasının zənginliyinə uyğun deyil”, - deyən nazir vurğulamışdı ki, "dövlət bizim əməyimizi qiymətləndirirsə, biz də onu qiymətləndirməliyik. Axırıncı baş verənlər olduqca təəssüfləndirici haldır.”