Dünən, Adobe Systems şirkəti rəsmi olaraq, smarfon və planşetlər üçün Flash Player texnologiyasının gələcək istehsalının dayandırıldığını bəyan edib.
Şirkətin platformalar üzrə vitse-prezidenti Denni Vinokur bildirib ki, 10 ildən çoxdur ki, Flash kontentin yaradılması və brauzerlərdə təsvir olunmasını reallaşdırsa da, hazırda bütün populyar mobil qurğular əsasən HTML5 texnologiyasından istifadə edir. O, etiraf edib ki, bu gün HTML5 mobil qurğularda kontentin yaradılması və təsviri üçün ən yaxşı texnologiya kimi özünü təsdiq edib.
Xatırladaq ki, Apple şirkətinin mərhum rəhbəri Stiv Cobs hələ 2010-cu ilin aprel ayında Flash texnologiyasını kəskin tənqid etmiş və onu mobil qurğular üçün yararsız hesab etmişdi. O, Flash-in təhlükəsizlik səviyyəsinin aşağı olduğunu, qapalılığını, prosessoru həddən artıq yüklədiyini üçün Apple-ın məhsullarında istifadə etməkdən imtina etmişdi.
Qeyd edək ki, şirkətin bu qərarı onun qiymətli kağızlarının məzənnəsinin təxminən 8 faiz aşağı düşməsinə səbəb olub.