Azərbaycan Respublikasının Moldova
Respublikasındakı Səfirliyində ölkəmizin müstəqillik ildönümünə həsr edilmiş tədbir
keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə Türkiyənin Moldovadakı səfiri Halil Gürol Sökmensüer, Moldova
Prezidentinin Xarici siyasət məsələləri üzrə məsləhətçisi Aureliu Çokoy, Moldova
Azərbaycanlıları Konqresinin (MAK) rəhbəri Elçin Bayramov, digər qonaqlar və 100-ə
yaxın həmvətənlərimiz iştirak etmişdir.
Tədbirdə açılış nitqi ilə çıxış edən səfir Qüdsi Osmanov gələn qonaqları salamlamış,
həmyerlilərimizə ata yurdlarına toplaşdıqları üçün təşəkkür etmiş, ölkəmizin müstəqillik
tarixindən söhbət açmış, Ermənistanın Azərbaycana qarşı törətdiyi növbəti silahlı
təxribat nəticəsində cəbhə bölgəsində gedən münaqişədə Ermənistan hərbi-siyasi
rəhbərliyinin məsuliyyət daşıdığını bildirmiş, davamlı olaraq Azərbaycanın bir sıra rayon
və şəhərlərində mülki əhali və mülki infrastrukturun ermənilər tərəfindən raket atəşinə
məruz qoyulduğunu, Gəncənin növbəti dəfə raket atılması nəticəsində mülki əhalinin
həlak olması və yaralanmasını, ölkəmizin ikinci ən böyük şəhərində şiddətli dağıntılar
törədildiyini dilə gətirmişdir.
Daha sonra tədbirdə Türkiyənin Moldovadakı səfiri H.G.Sökmensüer çıxış
edərək, Türkiyənin qardaş ölkə Azərbaycanla bir millət, iki dövlət olduğunu qeyd etmiş,
həm sevincli, həm də çətin günlərdə daim Azərbaycanın yanında olduqlarını
vurğulamış, erməni təcavüzü nəticəsində Gəncə və digər Azərbaycan şəhərlərində baş
verənləri qətiyyətlə pisləmişdir.
Eyni zamanda, tədbirdə iştirak edən Moldova Prezidentinin Xarici siyasət
məsələləri üzrə məsləhətçisi A.Çokoy çıxışında Moldovanın beynəlxalq hüquq
normalarına uyğun olaraq və Helsinki Yekun aktında qeyd olunmuş prinsiplərə sadiq
qalaraq Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, Moldova-Azərbaycan arasında mövcud dostluq münasibətlərinin davam etdirilməsində maraqlı
olduğunu və dinc əhaliyə qarşı törədilən təxribatların qəbuledilməz olduğunu diqqətə
gətirmişdir.
Tədbirdə çıxış edən MAK-ın sədri E.Bayramov Moldovada yaşayan
azərbaycanlılar adından ölkəmizin Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin ətrafında sıx birləşdiklərini və Azərbaycanın Silahlı Qüvvələrinə hər
zaman dəstək nümayiş etdirdiklərini bildirmiş, Gəncə də daxil olmaqla digər Azərbaycan
şəhərlərində baş verən erməni təcavüzkarlığını şiddətlə qınamışdır.
Azərbaycanlı icmanın fəallarından olan Maarif Rəhimov vətənpərvərlik ruhunda
nitq söyləyərək, həmyerlilərini erməni təxribatına qarşı güclü olmağa, birlik nümayiş
etdirməyə və ölkəmizin haqlı mövqeyini Moldovada daim səsləndirməyə çağırmışdır.
Bundan əlavə, tədbirdə Gəncə hadisələrinin qurbanları və erməni vəhşiliyi
nəticəsində törədilmiş dağıntılar əks edilmiş fotoşəkillərdən ibarət guşə yaradılmış,
buraya tədbirdə iştirak edən qonaqlar tərəfindən güllər düzülmüş, baş verən faciənin
dəhşətləri barədə məlumatlar verilmişdir.
Tədbirin sonunda bir sıra torpaqlarımızın işğaldan azad edilməsinin şərəfinə səfir
Q.Osmanov və digər qonaqlar tərəfindən dövlət rəmzləri olan bayraq və gerbimizdə
təsvir edilən səkkizgüşəli ulduza istinadən səkkiz ədəd şam ağacı əkilmişdir.



