Oktyabrın 22-nə keçən gecə Rusiyanın Moskva vilayətinin hava hücumundan müdafiə (HHM) sistemləri üçün ən gərgin dövrlərdən biri kimi yadda qalıb.
Paytaxtın meri Sergey Sobyaninin verdiyi məlumata əsasən, Moskva istiqamətində 630 pilotsuz uçuş aparatı (PUA) hərəkət edib.
Rusiya mətbuatı xəbər verir ki, bu, miqyasına görə silahlı münaqişə ərzində Moskva regionuna təşkil edilən ən böyük birdəfəlik dron hücumlarından biri olub.
S.Sobyaninin sözlərinə görə, PUA-ların böyük əksəriyyəti HHM qüvvələri tərəfindən uzaq məsafələrdə zərərsizləşdirilib, daha 163 dron isə birbaşa Moskvaya yaxınlaşarkən məhv edilib. Müdafiə sistemlərinin intensiv işləməsinə baxmayaraq, pilotsuz aparatların qalıqları yaşayış zonalarına da düşüb.
Şəhər meri özünün "Telegram" kanalında yazıb: "Voronovo rayonunda iki nəfər xəsarət alıb, onlara bütün lazımi tibbi yardım göstərilir".
Məlum olub ki, həyata keçirilən hücum konkret hərbi hədəflərə yönəlib.
"Astra" "Telegram" kanalı məlumat yayıb ki, Moskva vilayətinin Serpuxov şəhərində, eyni zamanda, hərbi hissə funksiyasını yerinə yetirən "75-ci arsenal" müəssisəsi zərbəyə məruz qalıb. Ekspertlər videoyazıların təhlili nəticəsində müəyyən ediblər ki, partlayış məhz qeyd olunan hərbi hissənin ərazisində qeydə alınıb. Serpuxov sakinləri də yayılan məlumatları təsdiqləyiblər. Zavod silah və sursat istehsalı, eləcə də hərbi texnikanın, xüsusən artilleriya sistemlərinin təmiri üzrə ixtisaslaşıb. Bu baxımdan obyekt Rusiya hərbi-sənaye kompleksinin strateji cəhətdən mühüm bir elementi sayılır.
İrimiqyaslı PUA hücumu səbəbindən Moskva aviasiya qovşağının bütün hava limanlarında - Şeremetyevo, Domodedovo, Vnukovo və Jukovskidə uçuşların qəbulu və həyata keçirilməsinə müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Bəzi reyslər başqa regionlardakı hava limanlarına istiqamətləndirilib ki, bu da minlərlə sərnişin üçün ciddi çətinliklər yaradıb.
///oxu.az///











































