MÜSİAD Azərbaycan İdarə Heyətinin üzvləri Türkiyə Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri cənab Prof. Dr. Birol Akgünü ziyarət ediblər.
AZXEBER.COM xəbər verir ki, idarə heyətinin sədri Rəşad Cabirli cənab səfirə yeni vəzifəsində müvəffəqiyyətlər arzu edərək qurumun fəaliyyəti və strateji hədəfləri doğrultusunda gələcək planları haqqında məlumat vermişdir.
Eyni zamanda, MÜSİAD Azərbaycan olaraq fəaliyyətlərində dövlət-özəl dialoqunun və tərəfdaşlığın önəmini vurğulayaraq, bundan sonra da Tək Millət olan xalqlarımızın bütün istiqamətlərdə əlaqələrinin dərinləşməsi və inkişaf etdirilməsi üçün səylərini davam etdirəcəklərini bildirib.
Görüşdə Rəşad Cabirli, Azərbaycan və Türkiyə arasında 2021-ci ildə Dövlət başçıları tərəfindən imzalanmış Şuşa Bəyannaməsinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli bir yol xəritəsi olduğunu vurğulayıb. Səfir Birol Akgünə Azərbaycanın Türkiyədə, xüsusilə Türk iş adamları arasında daha geniş tanıdılması məqsədilə hazırlanmış "Azərbaycan’a gəlmək üçün #101NEDEN" adlı kitab təqdim edilib.
Səfir Prof. Dr. Birol Akgün Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinin qədim tarixindən bəhs edərək "Bir Millət İki Dövlət” prinsiplərinə sadiq qalaraq sevincli gündə də, kədərli gündə də bərabər olduğumuzu bir daha dilə gətirib. Zəngəzur Koridorunun Türküstana açılan bir qapı olduğunu və bunun hər iki ölkə, o cümlədən Türk Dövlətlər Təşkilatına üzv ölkələr üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Həmçinin, MÜSİAD-ın Azərbaycan və Türkiyə arasında münasibətləri gücləndirilməsində xüsusi rolunun olduğunu, ümumilikdə qeyri-hökumət təşkilatlarının bu əməkdaşlığa önəmli töhfələr verdiyini qeyd edib.
Türkiyənin Azərbaycandakı səfirliyi olaraq bundan sonra sahibkarların, o cümlədən qeyri-hökumət təşkilatlarının hədəfləri doğrultusunda fəaliyyətlərini dəstəkləyəcəklərini bildirib.