Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədlərin 2-ci teledebatında toqquşan prezidentliyə namizədlər Cəmil Həsənliyə və Hafiz Hacıyevə xəbərdarlıq edib.
AZXEBER.COM xəbər verir ki, ali seçki qurumunun bu gün keçirilmiş iclasında Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədinin səlahiyyətli nümayəndəsi Əli Əhmədovla Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlidən daxil olmuş şikayətlərə baxılıb. YAP rəsmisinin şikayət ərizəsində İctimai Televiziyada (İTV) cümə axşamı günü keçirilmiş debatda C.Həsənlinin Seçki Məcəlləsinin tələblərini pozduğu önə çəkilib. Şikayətdə qeyd olunub ki, C. Həsənli ölkə Konstitusiyasının 106-cı maddəsinin tələblərini pozaraq Azərbaycan prezidenti İlham Əliyevi, onun ailəsinin şərəf və ləyaqətini təhqir edib. C.Həsənli isə öz növbəsində qeyd olunan debatda prezidentliyə namizəd Hafiz Hacıyevin onu və ailəsini təhqir etdiyini, fiziki təzyiq göstərməyə çalışdığı bildirilib. Mili Şuranın namizədi eyni zamanda, YAP təmsilçisi Ə.Əhmədovdan şikayətçi olaraq, onun tərəfindən təhqirə məruz qaldığını qeyd edib. MSK-nın iclasında İTV-nin C.Həsənlinin efir qaydalarını pozması hallarının qeyd olunduğu məktubu da müzakirəyə çıxarılıb. İTV-dən daxil olan məktubda, C.Həsənlinin nəzərdə tutulandan 6 dəqiqə 12 saniyə artıq çıxış etdiyi diqqətə çatdırılıb. Komissiyanın bu məsələləri araşdırması nəticəsində, həm Ə.Əhmədovun, həm də İTV-nin C.Həsənliyə qarşı iddialarının əsaslı olduğu qənaətinə gəlinib və Milli Şuranın namizədinə xəbərdarlıq edib. Bundan başqa, C.Həsənlinin H.Hacıyevə qarşı iddiasının da əsaslı olduğunu bildiriən MSK sonuncuya xəbərdarlıq edib.