MTN zabiti final gecəsi “Eurovision”un binasında baş verən gizli məqamlardan danışdı - MÜSAHİBƏ

MTN zabiti final gecəsi “Eurovision”un binasında baş verən gizli məqamlardan danışdı - MÜSAHİBƏ
09:20 05.06.2012
3960

Partlayan metal boltlarla dolu dəmir vedrələr, avtomatlar və qumbaralar, partlayış barədə siqnalı ötürmək üçüm telefonlar…

Milli Təhlükəsizlik Nazirliyinin həbs etdiyi terrorçular final konsertində “Baku Crystall Hall”u partlatmaq üçün lazım olan hər şeylə təmin olunmuşdular, amma onlar konserti poza bilmədilər. Bu irimiqyaslı təxribat və terror planının qarşısı necə alındı?

AZXEBER.COM-un “ANN.Az” saytına istinadən verdiyi xəbərə görə, “Eurovision” Bakı müsabiqəsinin təhlükəsizliyinə cavabdeh olan MTN zabitindən məsələ ilə bağlı açıqlama alıb. Məlum səbəblərdən zabit adının çəkilməsini, vəzifəsinin və rütbəsinin göstərilməsini istəmədi.

- MTN müsabiqə iştirakçılarını və tamaşaçıları terrorçuların hücumundan necə qoruya bildi?

- Əcnəbi terror təşkilatları çoxdandır ki, “Eurovision” müsabiqəsinin keçirilməsinə mane olmağa çalışır və bu niyyətlərini gizlətmirdilər. Onlar hətta müsabiqə təşkilatçılarına konsert zalını partladacaqları barədə planlarından xəbərdarlıq ünvanlamışdılar. Amma biz onsuz da, bu planlardan məlumatlı idik. Müsabiqənin başlanmasına xeyli qalmış zəruri təhlükəsizlik tədbirləri görülmüşdü. Məlum olduğu kimi, müsabiqənin başlanmasına bir neçə gün qalmış MTN əcnəbi sahiblərin əmrlərini yerinə yetirən bir neçə terroçu qrupu zərərsizləşdirdi. Əməliyyat zamanı bizim yoldaşlarımızdan biri həlak oldu. Amma dövlətin qarşımıza qoyduğu vəzifəni layiqincə yerinə yetirə bildik, kütləvi tədbirlər zamanı terror əleyhinə əməliyyatların keçirilməsində böyük təcrübə əldə etdik, bu təcrübə gələcəkdə də tətbiq olunacaq.

- Müsabiqə keçirilərkən hansı ölçülər götürüldü?

- Sirlərimizi açmadan yalnız məşqlərə, yarımfinal və final çıxışlarına baxmağa gələn tamaşaçıların görə bilmədiyi bəzi şeyləri deyə bilərəm. Tədbirin mühafizəsini MTN, DİN, “Baku Crystall Hall”un təhlükəsizlik xidməti və Azərbaycan sərhədçiləri təmin edirdilər. Buna görə də bir sıra dövlət strukturlarının və bölmələrin uğurlu əməkdaşlığından danışa bilərik. Müsabiqənin xarici perimetrini, yəni bulvarın Bayıl yaşayış massivindəki hissəsini DİN və sərhəd qoşunları müdafiə edirdi. Tamaşaçılar və müsabiqə iştirakçıları daim dənizdə, konsert zalının, mətbuat mərkəzinin və “Baku Crystall Hall”un digər strukturlarının yerləşdiyi yarımadanın hər iki tərəfində keşik çəkən iki kateri görə bilərdilər. “Baku Crystall Hall”dan, prospektdən və sahilyanı parkdan başlamış Dövlət Bayrağı meydanınadək bütün girişlər patrul nəzarəti altında idi. Biletə və ya təşkilat komitəsinin xüsusi icazəsinə malik olmayanlar əraziyə buraxılmırdı. Məsafəli partlayışdan qorunmaq üçün qərara alındı ki, mühafizə olunan obyektlərin yaxınlığında məhdud sayda məsul şəxslər istisna olunmaqla maşınların saxlanmasına icazə verməyək. Hətta “Baku Crystall Hall”ın yaxınlığında salınmış avtomobil dayanacağından da imtina etməli olduq, bu, tamaşaçılarda narazılıq yaratdı. Çoxları konsert zalınadək bulvarın ərazisi ilə piyada gəlməli oldu. Amma təhlükəsizlik tələblərinə əməl etmək vacibdir. Kiməsə bu ölçülər çox sərt göründü, amma onlar bizə minnətdar olmalıdırlar ki, şouya tamaşa etmələrinə əngəl yaranmadı.

Sonra “Baku Crystall Hall”adək əraziyə konsert kompleksinin təhlükəsizlik xidməti və polis patrulları nəzarət edirdi. Onlar tamaşaçıların, müsabiqə iştirakçılarının və işçilərin gediş-gəlişlərinə nəzarət edir, baryerlərlə işarələnmiş müəyyən marşrutu gözləmələrini tələb edirdilər. Bu əraziyə insanlar avtobuslarla çatdırılırdı və sürücülər müəyyən olunmuş hüdudları keçə bilməzdilər. Fürsətdən istifadə edib, bütün bölmələr adından bizim tələblərimizin vacibliyini anlayan və onlara əməl edən vətəndaşlara və qonaqlara təşəkkür etmək istəyirəm.

- Kompleks ərazisində müasir təhlükəsizlik tədbirləri tətbiq olundu. Bu barədə danışardınız…

- Doğrudan da, müsabiqənin təhlükəsizliyinini təmin olunması üçün Azərbaycana ən müasir texnologiyalar və qurğular gətirilmişdi. Obyektin girişində yükün və içəri keçən adamların yoxlanılması üçün kompyuter-nəzarət sistemləri qoyulmuşdu. Ora giriş və çıxış zamanı daxilində fərdi çip-kart quraşdırılmış vəsiqəni qeydiyyatdan keçirmək lazım idi. Nəticədə biz zalda, mətbuat mərkəzindəki adamların sayını və onların kimliyini bilirdik. Kompyuter sistemlərinin işini mühafizə xidmətinin əməkdaşları təkrar edirdilər: daxil olan bütün şəxslər əl detektorları vasitəsilə yoxlanılırdı. Hər gün kütləvi tədbirlərin keçiriləcəyi bütün obyektlər partlayıcıları aşkar edə bilən xüsusi qurğunun vasitəsilə yoxlanırdı. Bu bölmənin tərkibində partlayıcını “tanıyan” itlərlə bərabər kinoloqlar da vardı. Bizim yoldaşlarımız sahil xəttində növbəsiz keşik çəkir, yarımadanı dənizdən gələ biləcək terrorçulardan qoruyurdular. Bundan başqa, dəniz səthi keşikçi gəmilərdə qurulmuş səs lokatorları vasitəsilə skan edilirdi. Sizi əmin edirəm ki, operatorlar hətta dənizdə üzən quşları belə müşahidə edirdilər.

Obyektlərin ərazisində uniformada və mülki geyimdə olan mühafizə əməkdaşları növbə çəkirdilər. Təhlükə şəraitində bu adamlar ani olaraq cinayətkarları mühasirəyə ala, dinc vətəndaşları qoruya və onların təhliyəsini təşkil edə bilərdi. “Baku Crystall Hall”ın bütün işçiləri mülki müdafiə metodlarını öyrənmişdilər və terror hücumu, yanğın, təhlükəli təbiət hadisəsi və ya insan həyatına təhlükə kəsb edən istənilən hadisə baş verərsə, insanların təhliyə planlarından xəbərdar idilər. Tamaşaçılar, yəqin ki, konsert zalının yaxınlığında qarovul çəkən iki vertolyotu, yanğınsöndürənləri və “Təcili yardım” həkimlərini görmüşdü.

Terrorçuların beynəlxalq əhəmiyyətli tədbiri pozmaq şansları yox idi. Sizi əmin edirəm ki, bizim bölmələrimizin yüksək peşəkarlığı və təcrübəsi həmişə Azərbaycan Respublikasınını və xalqımızın təhlükəsizliyinin təminatçısı olacaq.

OXŞAR XƏBƏRLƏR