Milli Məclisin deputatı Fazil Mustafa Naxçıvandan müalicə məqsədilə Bakıya gələn xəstələrin yol xərclərinin dövlət tərəfindən qarşılanmasını təklif edib.
Deputatın sözlərinə görə, Naxçıvanda səhiyyə sahəsindəki çətinliklər və Bakıya gediş-gəliş xərclərinin yüksək olması xəstələrin müalicə imkanlarını məhdudlaşdırır. Bu baxımdan, onların yol xərclərinin dövlət hesabına ödənilməsi vacibdir.
Məsələ ilə bağlı AZXEBER.COM-a danışan professor Adil Qeybulla bildirib ki, icbari tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi və daha çox tibbi xidmətin bu sistemə daxil edilməsi vətəndaşların maraqlarına uyğundur.
Onun sözlərinə görə, hazırda icbari tibbi sığortaya ayrılan vəsait əhalinin bütün tibbi ehtiyaclarını qarşılamaq üçün kifayət etmir.
"İcbari tibbi sığortaya ayrılan vəsait çox görünə bilər. Lakin bu vəsait hazırda Azərbaycanda əhalinin yalnız onkoloji yardıma ehtiyacı olan hissəsinin xərclərini belə tamamilə qarşılamaq imkanında deyil. Əlbəttə ki, daha çox vətəndaşın xeyrinə olan xidmətləri əhatə etsə, bu, daha yaxşı olar. Amma mən düşünürəm ki, bu istiqamətdə də vacib məsələlər var. İcbari tibbi sığortanın əhatə dairəsi nə qədər geniş olarsa, bu, bir o qədər vətəndaşların xeyrinə olan prosesdir. Təbii ki, bütün bunlar mövcud imkanlar çərçivəsində həyata keçirilməlidir”, – deyə professor qeyd edib.
Fəridə Əsədzadə











































