"Müəllim peşəsinə maraq onsuz da azalıb, indi də ödənişli imtahan məsələsi ortaya çıxıb"

"Müəllim peşəsinə maraq onsuz da azalıb, indi də ödənişli imtahan məsələsi ortaya çıxıb"
SOSİAL
15:36 12.09.2025
295
"Müəllimlərin işə qəbulu imtahanlarının ödənişli əsaslarla keçirilməsi barədə qərar ilə bağlı apardığım təhlil göstərir ki, bu addım ilk növbədə maliyyə və təşkilati səmərəlilik baxımından nəzərdə tutulub, lakin onun sosial və pedaqoji nəticələri də müzakirə edilməlidir”.
 
Bu sözləri AZXEBER.COM-a təhsil eksperti Kamran Əsədov "Ümumi təhsil haqqında" qanuna edilən dəyişikliyə əsasən müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirakının ödənişli olacağı haqda danışarkən deyib. 

Kamran Əsədov daha sonra əlavə edib:

"Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində müəllim peşəsinin strateji əhəmiyyəti xüsusi vurğulanır və dövlətin müəllim hazırlığını təmin etmək öhdəliyi qeyd olunur. Eyni zamanda, həmin qanunun 5-ci maddəsində təhsilalanların bərabər hüquqluluğu təsbit edilib, heç bir şəxsin sosial vəziyyəti səbəbilə təhsildən və peşədən kənarda qalmaması prinsipinə toxunulub. Bu baxımdan, MİQ imtahanlarının ödənişli olması həm dövlət büdcəsi, həm də vətəndaşların imkanı prizmasından təhlil olunmalıdır".

 

Ekspert bildirib ki, imtahanların ödənişli olmasında məqsəd imtahanların daha yüksək təşkilati səviyyədə keçirilməsi və şəffaflığın qorunmasıdır:

"Statistik məlumatlar göstərir ki, son illərdə MİQ imtahanlarında iştirak edənlərin sayı 60–70 min arasında dəyişir. 2024-cü ildə 65 mindən çox namizəd imtahana qatılıb, onlardan təxminən 13 mini müəllim kimi işə qəbul olunub. Əgər imtahan ödənişli olsa, məsələn, hər bir iştirakçıdan 20 manat rüsum alınsa, bu, dövlət büdcəsinə təxminən 1,3 milyon manat əlavə gəlir gətirər. Bu vəsait imtahanların texniki bazasının möhkəmləndirilməsinə, testlərin yenilənməsinə, elektron sistemlərin gücləndirilməsinə yönəldilə bilər. Bu mənada Elm və Təhsil Nazirliyinin təşəbbüsü müsbət qiymətləndirilməlidir, çünki məqsəd imtahanların daha yüksək təşkilati səviyyədə keçirilməsi və şəffaflığın qorunmasıdır. Müsbət tərəf ondan ibarətdir ki, imtahanların ödənişli olması bəzi hallarda məsuliyyəti artırır və namizədlərin daha ciddi hazırlaşmasına təsir edir. Həmçinin dövlət büdcəsinə əlavə maliyyə mənbəyi yaradaraq təhsil infrastrukturunun inkişafına töhfə verə bilər. Bu, "Elm haqqında” Qanunda qeyd olunan elmi və pedaqoji fəaliyyətin maliyyə təminatının şaxələndirilməsi prinsipinə də uyğun gəlir. Nazirliyin bu addımı həmçinin imtahanların idarə olunmasında beynəlxalq təcrübəyə yaxınlaşma cəhdi kimi dəyərləndirilə bilər".
 
Odənişli imtahanların müsbət tərəfindən danışan ekspert bunun mənfi tərəflərini də qeyd edib:

"Ödənişli imtahanların mənfi tərəflər də kifayət qədərdir. Ən önəmlisi odur ki, ölkədə müəllim peşəsinə maraq onsuz da kifayət qədər azalıb və ödənişli imtahan bu marağı daha da zəiflədə bilər. Sosial vəziyyəti zəif olan namizədlər üçün ödəniş maneə ola bilər. Xüsusilə regionlardan gələn, aşağı gəlirli ailələrdən çıxan gənclərin imtahana qatılmaq imkanları məhdudlaşa bilər. Bu isə birbaşa "Təhsil haqqında” Qanunun 5-ci maddəsində təsbit olunan bərabərlik prinsipinə ziddiyyət yaradır. Digər mənfi tərəf isə müəllim peşəsinin sosial nüfuzuna təsirdir: ödəniş tələbi cəmiyyətdə müəllimliyə gedən yolun sadəcə maddi imkandan keçdiyi görüntüsünü yarada bilər ki, bu da ictimai etimadı azalda bilər".

Dünya praktikasında müəllimləri işə qəbul imtahanlarından danışan Əsədov bəzi ölkələrdə namizədlərdən heç bir rüsumun tələb edilmədiyini bildirib:
 
"Dünya təcrübəsinə nəzər saldıqda, müxtəlif modellər mövcuddur. Finlandiya, Estoniya və Almaniya kimi ölkələrdə müəllimlərin işə qəbulu tamamilə dövlətin maliyyələşdirdiyi müsabiqə ilə həyata keçirilir və namizədlər heç bir rüsum ödəmir. ABŞ-da isə bəzi ştatlarda müəllimlik üçün lisenziya imtahanları ödənişlidir, amma dövlət müəllim çatışmazlığı olan bölgələrdə bu ödənişi kompensasiya edir. Türkiyədə müəllimlərin işə qəbulu KPSS imtahanı vasitəsilə aparılır və namizədlər yalnız simvolik rüsum ödəyirlər, bu məbləğ sosial təbəqələr üçün böyük yük sayılmır. Azərbaycan bu modellərdən fərqli olaraq ödəniş tətbiq etsə də, sosial qruplar üçün güzəştlər və azadolmalar mexanizmləri nəzərdə tutmalıdır. Hesab edirəm ki, MİQ imtahanlarının ödənişli edilməsi təşkilati və maliyyə baxımından müəyyən üstünlüklər gətirsə də, sosial ədalət aspektində problemlər doğura bilər. Ədalətli yanaşma ondan ibarət ola bilər ki, aztəminatlı ailələrdən olan, şəhid və qazilərin övladları, kənd rayonlarından gələn gənclər ödənişdən azad edilsin. Belə bir diferensial mexanizm tətbiq edilərsə, həm dövlət əlavə maliyyə resursu əldə edər, həm də sosial bərabərlik qorunar. Elm və Təhsil Nazirliyinin məqsədinin imtahanların keyfiyyətini yüksəltmək olduğu aydındır və bu siyasət düzgün istiqamətdədir. Nazirliyin təşəbbüskarlığı təqdir olunmalıdır, lakin paralel olaraq sosial həssas qrupların maraqlarının qorunması da vacibdir ki, müəllim peşəsinə maraq azalmadan davam etsin".
 
Günel Hüseynli
OXŞAR XƏBƏRLƏR