Müəllim sinifdə Müəllim olar

Müəllim sinifdə Müəllim olar
SOSİAL
10:25 26.08.2025
282
Müəllim  sinifdə müəllim olur! Bu, tarixi həqiqətdir və dünyanın istənilən ölkəsində dəyişməz bir qanunauyğunluqdur. Çünki müəllimlik sadəcə nəzəri biliklərin ötürülməsi deyil, həm də canlı həyatın içində qazanılan təcrübə, pedaqoji bacarıq  və sosial adaptasiya tələb edən bir peşədir. Təhsil fəlsəfəsində tez-tez vurğulanır ki, "Müəllim olmaq üçün oxumaq kifayət deyil, onu yaşamaq lazımdır.”

Bu günün universitetləri gənclərə sadəcə bilik verməklə kifayətlənir. Lakin bu biliklərin əksəriyyəti də sürətlə dəyişən dünyada tez köhnəlir. Dünya İqtisadi Forumu (World Economic Forum) 2020-ci ildə dərc etdiyi hesabatda qeyd edir ki, indiki şagirdlərin 65%-i gələcəkdə bu gün mövcud olmayan peşələrdə çalışacaq. Bu o deməkdir ki, sadəcə bilik ötürmək kifayət deyil, müəllim həm də dəyişən dünyaya adaptasiya olunmağı öyrətməlidir. Yəni dünənin müəllimi, bu günə sabahı öyrədə bilməz. Öyrətdiyi də daha çox dünənə bağlı qalacaq. Biz sabahın uşaqlarına çevik düşünməyi, məntiqi zəkanı, riyazi təfəkkürü verməklə, təfəkkür məktəbinin tələblərini yerinə yetirmiş olarıq.
 
Lakin nəzəri təhsil çox zaman praktikanı əvəz edə bilmir. Təcrübə göstərir ki, yeni məzun müəllimlərin öz peşələrinə adaptasiya etməsi üçün ən azı 3 il vaxt tələb olunur.

ABŞ-da "National Center for Education Statistics”in məlumatına görə, yeni işə başlayan müəllimlərin 44%-i ilk beş ildə peşəni tərk edir.  Bunun əsas səbəblərindən biri nəzəri hazırlığın real sinif təcrübəsi ilə dəstəklənməməsidir. Digər tərəfdən, McKinsey & Company-nin 2017-ci il hesabatına görə, yüksək nəticə göstərən təhsil sistemlərinin ortaq xüsusiyyəti gənc müəllimlərin ilk illərində güclü dəstək mexanizmlərinə malik olmasıdır.  Bu dəstək olmadıqda isə müəllimlər motivasiyasını itirir və sistemi tərk edirlər. Bizdə isə bu bir az fərqlidir, onlar bu işin ağırlığından və aşağı maaş sisteminə görə ümumiyyətlə bu peşənin ardınca getmirlər. Əslində isə onlar praktikada özlərini kəşf edə, müəllimlik peşəsiniz sevə bilərlər.

Beynəlxalq Təcrübəyə diqqət yetirsək, görərik ki, bu problemin həlli üçün bir çox ölkələr müəllim hazırlığında praktik komponenti gücləndiriblər:
Finlandiya – Pedaqoji fakültələrin son ili məcburi şəkildə məktəblərdə praktikaya həsr olunur. Bu model sayəsində  də Finlandiya müəllimləri məktəbə tam hazır başlayır.

OECD-nin (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ) hesabatına görə, Finlandiya müəllimlərinin 90%-i öz peşəsinə uzunmüddətli bağlı qalır. Bu, ölkənin PISA nəticələrində də özünü göstərir: Finlandiya 2000-ci illərdən bəri dünya üzrə ən yüksək göstəricilərə malik ölkələrdən biridir.

Böyük Britaniya – "Teaching Assistant” adlı sistemi ilə gənc müəllimlərin sinifdə köməkçi kimi fəaliyyət göstərməsinə imkan yaradır.  Sözsüz ki, bu, həm müəllimin, həm də şagirdin inkişafına xidmət edir. 2021-ci ildə Britaniya Təhsil Nazirliyi elan edib ki, məktəblərdə 280 minə yaxın "teaching assistant” fəaliyyət göstərir. Bu isə çox ciddi bir rəqəmdir.
Yaponiya – "Lesson Study” metodu ilə müəllimlər bir-birinin dərslərində iştirak edir, müzakirə aparır və öyrənməyə davam edirlər. Bu, pedaqoji icmanın dinamik saxlanmasına şərait yaradır və müəllimlər arasında ömürlük öyrənmə mədəniyyəti formalaşdırır.

Sinqapur – Müəllim hazırlığına dövlət sərmayəsi yüksəkdir. Gənc müəllimlər üçün həm universitet təhsili, həm də məktəbdə "mentor müəllim” yanında işləmək məcburidir.

Sinqapurun milli təhsil strategiyasında müəllim "millətin memarı” adlandırılır.

Estoniya – Son illərin nümunəvi təhsil modellərindən biri Estoniyadır. Burada müəllim hazırlığında texnologiyanın tətbiqi və innovativ yanaşmalar ön plandadır.
Estoniya 2018-ci il PISA nəticələrində Avropada birinci yerə çıxmışdır.
 
UNESCO-nun 2023-cü il hesabatında deyilir: "XXI əsrin müəllimi ənənəvi bilik ötürən deyil, öyrənmə prosesini yönləndirən, şagirdlərlə birgə öyrənən və dəyişən dünyaya adaptasiya edən şəxsdir.” Bəli, birgə şagirdlərlə birgə öyrənən. Bu o deməkdir ki, müəllim daim inkişafda olmalı, biliyi ilə yox, bacarığı ilə fərqlənməlidir.

Azərbaycan təhsil sistemində isə pedaqoji fakültələrdə nəzəri dərslərin üstünlük təşkil etməsi gənc müəllimlərin peşəyə adaptasiyasını çətinləşdirir. Həmçinin də etiraf edək ki, universitetlərimizdə təhsil səviyyəsi çox aşağıdır, müasir tələblərə cavab verən təhsili tələbə ala bilmir.  Hazırda dövlət vakansiyalarında "müəllim köməkçisi” vəzifəsi demək olar ki, mövcud deyil. Halbuki belə bir modelin tətbiqi həm pedaqoji təcrübəni artırar, həm də gənclərin müəllimlik peşəsini daha inamla seçməsinə şərait yaradardı.
 
Düşünürəm ki, biz pedaqoji fakültələrin son bir ilini məktəblərdə assisent müəllim kimi işləməyə yönləndirə və həmin ilin təhsil büdcəsini tələbəyə maaş kimi verməklə, dediyimiz praktiki bacarığı təmin edə bilərik.  Bu yanaşma tələbəyə həm maddi dəstək olar, həm də təcrübə qazandırar. Bundan əlavə, müəllim köməkçisi sistemi təhsil müəssisələrində əlavə məşğələlərin təşkilinə,  şagirdlərin fərdi dəstəklənməsinə və inklüziv təhsilin inkişafına mühüm töhfə verə bilər. Dünya Bankının 2021-ci ildəki tövsiyələrində də göstərilir ki, "inkulizivlik və fərdiləşdirilmiş dəstək yalnız müəllim-assistent modelləri ilə effektiv şəkildə həyata keçirilə bilər.”

Yuxarıda dediklərimizi bir az ümumiləşdirsək, deyə bilərik ki, müəllimlik peşəsi yalnız nəzəri biliklə deyil, sinifdə qazanılan canlı təcrübə ilə yaşadıqca güclənir. Təhsilin keyfiyyətini yüksəltməyin ən təsirli yolu isə pedaqoji təhsili praktik yönümlə zənginləşdirməkdir.  Bu yanaşma həm də müəllimin peşəyə bağlılığını artıracaq, şagirdlərin nailiyyətlərinə birbaşa təsir göstərəcək.

 Böyük türk mütəfəkkiri İsmayıl Qaspıralı demişdir: "Məktəblərimiz necədirsə, gələcəyimiz də elə olacaq.” Bu gün müəllim hazırlığına qoyulan sərmayə əslində sabahın cəmiyyətinə qoyulan sərmayədir. Əgər biz müəllimlərimizi gücləndirə bilsək, gələcəyimizi də gücləndirə biləcəyik.

Şəmil Sadiq




OXŞAR XƏBƏRLƏR