Müəllimlərin vahid geyimi nəyi dəyişəcək? - Ekspertdən açıqlama

Müəllimlərin vahid geyimi nəyi dəyişəcək? - Ekspertdən açıqlama
SOSİAL
17:51 16.06.2026
340
Təhsilverənlər üçün geyim tələblərinə hüquqi əsas yaradılır. 

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında "Ümumi təhsil haqqında” Qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Dəyişiklik dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələblərin hüquqi müstəvidə təsbit edilməsini nəzərdə tutur. Bildirilib ki, bu addım məktəblərdə peşəkar iş mühitinin və təşkilati mədəniyyətin gücləndirilməsinə xidmət edəcək.

Təhsil eksperti Elmin Nuri AZXEBER.COM-a açıqlamasında deyib ki, müəllimlərin vahid geyim formasının tətbiqi dünya praktikasında çoxdan qəbul olunmuş bir mexanizmdir:

"Təhsil müəssisələrində müəllimlərin vahid geyim formasının tətbiqi dünya praktikasında, normativlərdə və standartlarda çoxdan qəbul olunmuş bir mexanizmdir. Burada təhsilin zərərinə, onun inkişafının qarşısının alınmasına səbəb olacaq heçnə yoxdur. Asiya ölkələrindən tutmuş Avropa ölkələrinə qədər bir çox dövlətlər öz məktəblərində vahid geyim formasını tətbiq edirlər”.

O qeyd edib ki, bəzi özəl məktəblərdə vahid geyim forması müəllimlər üçün də tətbiq edilir:

"Mərkəzi qərar əsasında vahid geyim formasının tətbiqi və ya məktəbin özünün, daxili qərarı əsasında bu formanı müəyyən etməsi mümkündür. Yəni bir məktəbdə rəhbərlik mövcuddur və məktəbin öz daxilində olan müəllimlərin, şagirdlərin konkret hansı formada geyinməsi ilə bağlı qərar qəbul edilir. Bəzi özəl məktəblər vahid geyim formasını tətbiq edirlər və bu, müəllimlər üçün də nəzərdə tutulur. Düzdür, bizdə çox vaxt belə fikir səslənir ki, yalnız şagirdlərin vahid məktəbli forması olmalıdır. Amma müəllimlər üçün bunun nəzərdə tutulması məsələsi də müzakirə edilə bilər. Ancaq bu məsələyə fərqli baxışla yanaşmaq lazımdır. Bu, heç də kiminsə sərbəstliyinin və ya müstəqilliyinin əlindən alınması demək deyil. Hər bir insanın öz geyim üslubu, öz tərzi var, amma məktəb mühiti, pedaqoji dəyərlər və tədris prosesinin tələbləri də nəzərə alınmalıdır”.

Təhsil eksperti bildirib ki, məktəbli formalarının tətbiqi düzgün istiqamətdə müəyyən dəyişikliklər yarada bilər:

"Məktəbli formalarının tətbiqi düzgün istiqamətdə müəyyən dəyişikliklər yarada bilər. Təhsil müəssisəsində şagirdlər üçün bir forma, müəllimlər üçün isə başqa yanaşmanın olması da mümkündür. Əsas məsələ tədris prosesinə bunun necə təsir etməsidir. Bəzi hallarda vahid geyim forması məktəb mühitində nizam-intizamın və psixoloji rahatlığın formalaşmasına kömək edə bilər. Burada çox ciddi və incə məqamlar var. Şagirdin dünyagörüşünə, onun müəllimi qəbul etməsinə və tədris prosesində müəllimin roluna təsir edən amillər nəzərə alınmalıdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR