İsrail - Fələstin müharibəsinin arealı genişlənir. Müharibə nəticəsində minlərlə dinc sakin və turist həlak olub. Bu münaqişə artıq digər qonşu dövlətlərə də təsir etməyə başlayıb. Belə ki, İsraillə Livan arasında da gərginlik artmaqdadır.
Dünya ölkələri arasında da mövcud konfiliktlə bağlı ikitiryəlik mövcuddur. Bir qrup ölkə İsraili, bir qrup isə HƏMAS-ın mövqeyini müdafiə edir. Bəs sözügedən qarşıdurma 3-cü dünya müharibəsinin carçısı ola bilərmi?
Mövzu ilə bağlı politoloq İlyas Hüseynov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu müharibədə ərəb dövlətləri öz maraqlarını təmin edirlər:
"İsrail-Fələstin müharibəsi artıq ətrafına digər dövlətləri də toplayır və məlumdur ki, bu münaqişədə güclü və regional iştirakçılar öz maraqlarını təmin etmək istəyirlər. Burada ərəb dünyası ilə yanaşı Avropa, ABŞ, İran, Türkiyə, Səudiyyə Ərəbistanı, Fransa kimi ölkələrin maraqları kəsişir. Bu münaqişədə ərəb dünyası özü də yeknəsəq deyil. Ərəb ölkələri içərisində də İsrail və Fələstini dəstəkləyən dövlətlər mövcuddur. Amma bir mühüm məqamı qeyd etmək lazımdır ki, son dövrlər İsrail ərəb dünyası ilə yaxınlaşmağa başlamış, hətta bir sıra ölkələrdə səfirliklər açmışdı. Bütün bunlara baxmayaraq, hazırkı vəziyyət ərəb dünyasında təmsil olunan dövlətləri düşünməyə vadar edir".
Siyasi şərhçi bildirib ki, 3-cü dünya müharibəsinin başlanması üçün daha hansısa böyük bir addıma ehtiyac yoxdur:
"Yaxın Şərqdən vacib nəqliyyat dəhlizləri keçir. Bu, dəhlizlər üzərində də bir nəzarət müharibəsidir. Həm də Rusiya-Ukrayna müharibəsi fonunda sözügedən münaqişənin də alovlanması bir çox ekspertlərin qənaətinə görə, 3-cü dünya müharibəsi anonsunu yaradır. Artıq əminliklə söyləmək olar ki, 3-cü dünya müharibəsinin başlanması üçün hər hansısa böyük bir addıma ehtiyac yoxdur. Bu müharibəni 3-cü dünya müharibəsinin carçısı kimi xarakterizə etmək olar. Dondurulmuş münaqişələr, yaddan çıxmış konfliktlər də yenidən bərqərar olur. Bu xüsusda Azərbaycan da öz təhlükəsizliyini təmin etməlidir. Məhz lokal xarakterli antiterror tədbirləri göstərdi ki, Azərbaycan öz Konstitusiya quruluşunun bütövlüyünü və suverenliyini təmin etməklə qlobal təhdidlərə və çağırışlara da hazırlıqlıdır".
Mikayıl Mirzəzadə