Müharibə ən çox zərbəni turizm sektoruna vurur: Bu şəhərlər çıxılmaz vəziyyətdədir

Müharibə ən çox zərbəni turizm sektoruna vurur: Bu şəhərlər çıxılmaz vəziyyətdədir
İQTİSADİYYAT
14:12 11.03.2026
536
Yaxın Şərqdə genişlənən hərbi münaqişə region iqtisadiyyatına, xüsusilə turizm sektoruna ciddi zərbə vurur. 

"Financial Times” qəzetinin Ümumdünya Səyahət və Turizm Şurasına (WTTC) istinadən yaydığı məlumata görə, regionun turizm sənayesi hər gün orta hesabla 600 milyon dollar gəlir itirir. Qısamüddətli fasilələr belə turizm müəssisələri və bu sahədə çalışan milyonlarla insan üçün böyük iqtisadi itkilərə səbəb olur. 

Münaqişədən əvvəl 2026-cı ildə turistlərin Yaxın Şərqdə 207 milyard dollar xərcləyəcəyi proqnozlaşdırılırdı. Lakin ABŞ-İran gərginliyi və İsrailin Livandakı əməliyyatlarından sonra vəziyyət dəyişib. Dubay, Doha və Ər-Riyad hava limanlarında minlərlə uçuş ləğv edilib, otellərdə isə rezervasiyalar kütləvi şəkildə geri çəkilir. 

Turizm üzrə ekspert Cəfər Qarayev AZXEBER.COM-a açıqlamasında deyib ki, iki ölkə arasında baş verən müharibənin qonşu ölkələrə yayılması turizmə birbaşa zərbə vurur:

"İki ölkə arasında baş verən müharibənin qonşu ölkələrə yayılması turizmə birbaşa zərbə vurur. Dünyada hər hansı xoşagəlməz hadisə baş verdikdə turizm sektoru ilk zərbə alan sahələrdən biri olur. Regionda baş verən münaqişələr fonunda hava məkanları təhlükə altında qalır, təyyarə reysləri ləğv edilir və hava limanları məhdud rejimdə fəaliyyət göstərir.

Ekspert bildirib ki, münaqişə Azərbaycanda turizmi zəiflədəcək:

"Qonşuluqda olan müharibə xarici turistlərin Azərbaycana gəlişini çətinləşdirir, eyni zamanda vətəndaşlarımızın da xaricə səfərlərinə mane olur. Qış aylarında insanlar daha çox isti ölkələrə səyahət etməyə üstünlük verirlər. Lakin hazırda bəzi ölkələrə birbaşa reyslər yoxdur, olanlar isə çox bahadır. Körfəz ölkələrindən Azərbaycana gələn turistlər də çətinliklərlə üzləşirlər. Münaqişə davam etdikcə, Azərbaycanın turizm sektoru zəifləyəcək və planlaşdırılan göstəricilər özünü doğrultmaya bilər”.

Cəfər Qarayev söyləyib ki, belə şəraitdə bəzi ölkələrdə viza rejimi sadələşdirilməlidir:

"Turizm iqtisadiyyatın mühüm hissəsidir və qeyri-neft sektoruna daxildir. Müharibənin təsirləri iqtisadiyyatın digər sahələrində də hiss olunur. İnsanlar münaqişə bölgələrinə yaxın ərazilərə səyahət etməkdə tərəddüd edirlər. Bu şəraitdə ümid daha çox Yaxın Şərqdən uzaq olan Mərkəzi və Şərqi Asiya ölkələrindən, eləcə də digər regionlardan ölkəmizə turistlərin cəlb edilməsinə qalır. Bunun üçün viza rejiminin sadələşdirilməsi və daha ucuz birbaşa aviareyslərin təşkili vacibdir. Azərbaycandan xaricə turistlərin gedib-getməməsi isə ölkə iqtisadiyyatına o qədər də ciddi təsir göstərmir”.

Turizm eksperti vurğulayıb ki, Qətər və BƏƏ müharibədən ən çox zərər görən ölkələrdir:

"Qətər və BƏƏ müharibədən ən çox zərər görən ölkələr sırasındadır. Çünki bu ölkələr il ərzində çox sayda turist qəbul edir və tranzit reyslər vasitəsilə böyük hava nəqliyyatı qovşaqları kimi fəaliyyət göstərirdi. Hazırda isə bu sahə demək olar ki, iflic vəziyyətindədir. Bu ölkələrin bəzi hava məkanları bağlanıb, bəziləri isə məhdud rejimdə fəaliyyət göstərir. Nəticədə Yaxın Şərqdə turizm sektoru hazırda olduqca çətin vəziyyətdədir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR