‘Müharibə’ Rusiya rejissorlarının gözü ilə... - FOTOLAR

MƏDƏNİYYƏT
13:40 26.09.2014
2084

Müharibə insan yaradılışından ayrı-ayrı torpaqlar üzərində güclü və zəif olan iki tərəfin mübarizəsidir. Bu mübarizədə qalib və məğlub tərəflər olsa da, əslində müharibə hər iki tərəfin məğlubiyyəti deməkdir...

Azərbaycan üçün müharibə qaysaq bağlamış yaradır. Bu yara düşmənlər tərəfindən dəfələrlə qəddarcasına qopardılıb, amma hələ ki, sağalmayıb, göynədir və zaman-zaman qanamaqdadır...

Bəs görəsən Rusiya rejissorları üçün “Müharibə” nə deməkdir? Bəlkə onlar üçün bu sadəcə Gənc Tamaşaçılar Teatrının səhnəsində göstərilən tamaşadır? Əbəs yerə Rusiya rejissorları demədim. Sözümün canı var...

Sentyabr ayının 18-23-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının dəstəyi ilə beynəlxalq rejissor laboratoriyası keçirildi.

4 gün davam edən laboratoriya öz işinə sentyabr ayının 19-dan start verdi. Hər gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rejissor laboratoriyası üzvlərinin bir qismi baxdıqları tamaşaları müzakirə edir (47 nömrəli otaq), teatrın bir qrup aktyoruna isə Rusiya Teatr Akademiyasının səhnə hərəkəti və plastika kafedrasının müdiri, professor Aydar Zakirovun başçılığı ilə səhnə döyüşləri üzrə təlimlər (60 nömrəli məşq otağı) keçirilirdi. Laboratoriya davam edən müddətdə rejssorlar Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində R. Ağayevin “Bir gecənin nağılı”, Rus Dram Teatrında I.Əfəndiyevin “Büllur sarayda”, Akademik Milli Dram Teatrında H.Cavidin “Əmir Teymur”, Dövlət Pantomim Teatrında Ç.Aytmatovun “Manqurt” və yenidən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç dramaturqu Lars Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) tamaşalarını izlədilər. Hər tamaşadan sonra baxılan səhnə əsərinin rejissor işi, aktyor oyunu, səhnə tərtibatı və ümumiyyətlə hər bir detal laboratoriya iştirakçıları tərəfindən müzakirə olundu.

Hər bir tamaşa haqqında öz fikirlərini bildirən rejissorlar digər teatrlarda, eləcə də Gənc Tamaşaçılar Teatrında baxdıqları iki tamaşa, xüsusilə də “Müharibə” tamaşası haqqında yüksək fikirlər səsləndirdilər. Fürsətdən istifadə edib bir neçə rejissorun fikirlərini diqqətinizə təqdim edirik.

Rifkat İsrafilov (RF-nın xalq artisti, RF dövlət mükafatı laureatı, Rusiya Teatr xadimləri ittifaqının sədrləri şurasının sədri, Orenburq Dövlət Dram Teatrının bədii rəhbəri, professor, beynəlxalq rejissor laboratoriyasının rəhbəri):

“Laboratoriya müddətində Xalq yazıçısı Elçinin “Şekspir” pyesini rejissorlarla bərabər təhlil etdik. Hər bir rejissor öz məqsədinə görə pyesdə bu və ya digər epizodların səhnə həlli barədə öz konsepsiyalarını irəli sürdü. Sonradan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanovun “ÜNS” yaradıcılıq səhnəsində bir neçə il bundan əvvəl həmin pyes əsasında hazırladığı tamaşaya video baxış keçirdik. Düzdür, səhnə oyununa canlı baxmaq daha məqsədəuyğundur. Lakin, texniki tərəfdən gözəl çəkilmiş tamaşa bizdə maraq oyatdı. B.Osmanov rejissor laboratoriyasında təhlil zamanı deyilənlərdən tam fərqli mükəmməl bir səhnə əsəri hazırlaya bilmişdi. Bakıda olduğumuz müddətdə Rus Dram Teatrında, Akademik Milli Dram və Pantomim teatrında müxtəlif səpkili tamaşalara baxdıq. Məşğələlər Gənc Tamaşaçılar Teatrının bazasında olduğu üçün burada iki tamaşaya baxdıq. Kiçik səhnədə R.Ağayevin “Bir gecənin nağılı”, böyük səhnədə isə L.Nurenin “Müharibə” tamaşasına. Hər iki tamaşa istər laboratoriya iştirakçılarında, istərsə də laboratoriyada iştirak edən peşəkar tənqidçilərdə çox böyük maraq oyatdı. Mənə elə gəlir ki, Gənc Tamaşaçılar Teatrı bu gün özünün ən parlaq yaradıcılıq dövrünü yaşayır. Mənə tanış olmayan “Müharibə” pyesi əsasında hazırlanan tamaşa məndə heyrət doğurdu. Istər mahir aktyor ansamblı, istər rejissor işi çox mükəmməldir. Tamaşanı seyr etdikdən sonra gəldiyim qənaət budur ki, bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında gənc və orta nəsil daha güclü və daha perspektivlidir. Onlar müxtəlif müəllimlərdən sənət təhsili alsalar da vahid oyun ətrafında və ideya ətrafında birləşə bilirlər. Bunun bariz nümunəsi haqqında danışdığım “Müharibə” tamaşasıdır. Uzun illər müxtəlif festivallarda direktor, bədii rəhbər və münsiflər heyətinin sədri olduğuma əsaslanıb, ürəklə deyə bilərəm ki, “Müharibə” tamaşası öz mükəmməlliyi, aktuallığı və sənət səviyyəsinə görə bir çox Avropa və Rusiyada keçirilən festivallarda Azərbaycanın teatr sənətini yüksək səviyyədə təmsil edə bilər və təmsil etməlidir də. Bakıda olduğum az müddət ərzində izlədiyim tamaşalar və Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidovla görüşümüz və apardığımız faydalı söhbətlər, gələcək yaradıcılıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı həm direktor (M.Həmidov), həm də mənim verdiyim təkliflərin reallığı heç şübhəsiz məni hədsiz sevindirdi. Mən hiss etdim ki, Rusiya - konkret olaraq özümün rəhbərlik etdiyim Orenburq Dövlət Dram Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının timsalında layiqli tərəfdaş qazanmaq üzrədir.

Mən bütün əlaqələrimdən istifadə edərək bu tamaşanın təbliği ilə məşğul olacam. Bu gün surətlə inkişaf edən Azərbaycan bir ölkə olaraq artıq dünyada öz sözünü deməyi bacarır. Bakı inanılmaz dərəcədə füsnkar və cəlbedicidir. Əminəm ki, bu tamaşa da Azərbaycan teatr sənətinin nəyə qadir olduğunu sübüt edəcək”.

Marina Korçak (Rusiya Teatr Xadimləri İttifaqının dram və milli teatrları üzrə Koordinasiya şurasının sədri, teatrşünas):

“Bəhram Osmanovu çoxdan tanıyıram. O artıq bir neçə ildir ki, hörmətli Rifkat Israfilovun rejissor laboratoriyasının üzvüdür. Bu illər ərzində o, özünü təvazökar, açıq düşünməyi bacaran, psixoloji teatr üslubuna riayət edən bir rejissor kimi göstərib. Baxmayaraq ki, son illər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı haqqında Rusiyanın bir sıra teatr kollektivlərindən müsbət fikirlər eşitmişdim. Amma, ümumilikdə Azərbaycan teatrının bu gunkü durumu haqqında Rusiyada elə bir ətraflı məlumat olmadığından mən bura gələndə özümü çox narahat hiss edirdim. Baxdığım teatrlardakı tamaşalar Azərbaycan teatrının vəziyyəti haqqında ümumi mənzərəni aydınlaşdırdı. Ilk baxışdan hazırlanan tamaşalarda maddi-texniki baza, səhnə tərtibatı, geyimlər çox bahalı idi. Amma bunlar heç də başdan – ayağa tamaşaya xidmət etmirdi. Sanki aktyorlar səhnəyə çıxıb sözlərini deməlidi, rejissorlar da vaxtlı-vaxtında baş verən hadisələrdən sonra şəkillərin ardıcıl düzülüşünə diqqət etməlidirlər. Pantomim teatrında isə əksinə, aktyorlar canlıdır, zəhmətsevərdir. Bu onların oyununda hiss olunur. Gənc Tamaşaçılar Teatrında tamaşalara baxacağım günə qədər çox həyəcanlı idim və bu həyəcan durmadan artırdı. Əvvəl kiçik səhnədə baxdığımız R. Ağayevin “Bir gecənin nağılı” tamaşası məndə bu həyəcanı aradan qaldırdı. Iki gənc aktyor (Zülfiyyə Alhüseynova, Eşqin Quliyev) və peşəkar teatrda ilk işi olan gənc rejissorun 55 dəqiqəlik tamaşasını izlərkən məndə bir sevinc yarandı. Iki aktyor səhnədə tamaşaçının gözü qarşısında hadisələr inkişaf etdikcə başqalaşırdılar. Bu başqalaşma qrimsiz, əlavə köməkçi vasitəsiz baş verirdi. Və hər bir laboratoriya üzvü artıq anlayırdı ki, bu çox peşəkar bir səhnə əsəridir. Əlbəttə, hərə öz zövqünə görə tamaşanın məziyyətləri barədə mübahisə edə bilər. Amma mən tam əminliklə deyə bilərəm ki, çox professional bir səhnə oyununa baxdım.

L.Nuren isə bir dramaturq kimi mənə tanış deyil. Əminliklə deyə bilərəm ki, Rusiya teatrlarında o, nədənsə oynanılmır. Bu illər ərzində bu qədər yaşadığımız mühitlə səsləşən ikinci bir dram əsərinə rast gəlməmişəm. Bu əsər birinci və ikinci dünya müharibəsinə aid deyil. Bu əsər 90-cı illərdən bu yana arasıkəsilməz müharibəyə aiddir. Və teatr sözün əsl mənasında çox aktual bir səhnə əsəri hazırlamağa nail olmuşdur. Mənə əsəri təqdim edəndə oxudum və çox ağır bir dramaturgiyanın səhnədə necə oynanılacağı barədə düşündüm. Tamaşa isə əksinə, bu ağırlığı sözün yaxşı mənasında çox yüngüllüklə çatdıra bilirdi. Yaşından asılı olmayaraq bütün aktyor ansamblı, minimum səhnə tərtibatı, geniş məkan və 5 iştirakçı. Rejissor hər şeyi aktyorlar tərəfindən həll etməyi yaxşı bacarmışdır. Ifadəli oyun tərzi tapmış və ən maraqlısı budur ki, tamaşanın finalı müəllifin yazdığı finaldan da ağır və amansızdır. Deyirlər bəzən müharibədə həlak olanlar mühairəbədə sağ qalanlardan daha çox xoşbəxtdir. Istər istəməz bu gün biz hər birimiz bu amansız həqiqətlə razılaşmağa məhkumuq. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bizə təqdim etdiyi “Müharibə” tamaşası sübut etdi ki, Azərbaycan teatrının yaşamağa haqqı var”.

Isa Çaxkiyev (Rusiya və İnquşetiyanın Xalq artisti):

“Təkrarçılığa yol verməyərək hamınızı təbrik edirəm. Sizin çox güclü aktyor məktəbiniz varmış. Təəssüf ki, bu məktəb barədə xəbərimiz olmayıb. Tamaşa amansız hadisələrlə zəngindir və fikirləşirsən ki, bu hadisələr indi bir sıra xalqların bu gün yaşadığı durumdur. Səhnədən tamaşa salonuna süzülən insani fəryad bizi tez-tez diksinməyə məcbur edirdi. Əsəri oxudum. Tamaşaya tərcüməçisiz baxdım və dedim ki, hər şey mənə aydındır. Hətta mən rejissor tərəfindən olunmuş ixtisarları belə hiss edirdim. Tamaşada hadisələr Qarabağda da gedə bilər, Şimali Qafqazda da və dünyanın başqa-başqa ölkələrində də. Ən dəhşətlisi odur ki, hadisələr gedən ölkələr çox xırda millətlərdir. Və təəssüf ki, bu millətlərin fəryadını kimsə eşitmir”.

Roman Dabaqov (Rusiyanın Əməkdar İncəsənət Xadimi, rejissor):

“Çox həyəcanlı idim. Ömrümdə görmədiyim Azərbaycan Teatrının necə olduğunu anlamaq istəyirdim. Bu gün tam əminliklə deyə bilərəm ki, Azərbaycanda teatr sənəti var. Və bu teatr sənəti Gənc Tamaşaçılar Teatrının simasında özünü göstərir. Baxdığımız tamaşalarda heyratamiz dərəcədə peşəkar aktyor oyunu gördüm. Əlbəttə bunlar hamısı rejissorun sayəsində olub. Onun dünyagörüşü, aktyorlarla işləmək bacarığı özünü tam şəkildə göstərir. Uğurlar arzulayıram. Inanıram ki, az keçməz “Müharibə” bütün festivalların vizit kartına çevrilər”.

İzümrüd Aliyeva (Dağıstan Respublikasının Əməkdar İncəsənət Xadimi, rejissor - pedaqoq):

“Mən hamınızı təbrik edirəm. Tamaşadakı aktyor ansamblı o qədər möhtəşəmdir ki, aktyorlardan hansınınsa zəif, digərinin bir qədər güclü olduğunu demək mümkün deyil. Bütün aktyorlar eyni dərəcədə peşəkarlıq nümayiş etdirdilər. Birinci hissədə tamaşadakı obrazların çıxılmaz vəziyyəti insanı elə gərginliyə salırdı ki, düşünürsən ki, axı belə necə yaşamaq olar? Pyesi oxudum. Açığı tamaşanın bu dərəcədə möhtəşəm alınacağına inanmırdım. Çünki pyesdə hərəkət azdır. Lakin rejissorun mükəmməl işi bunun tam əksini sübut etdi. Tamaşanın bəzi hissələri elə incə və həssaslıqla işlənib ki, səhnədəki qəhrəmanın yerinə həyəcan keçirirsən, düşünürsən ki, bu vəziyyətdə o hansı addımı atacaq, nə qərar verəcək? Tamaşanın final hissəsi pyesdən fərqli olsa da, qəhrəmanların birləşməsi onu göstərdi ki, obrazlar düşdükləri vəziyyətlə razılaşır və başa düşürlər ki, atalarını qorumalı və yanında qalmalıdırlar. Düşünürəm ki, elə tək bu tamaşaya görə Bakıya gəlməyə dəyərdi...”

Sentyabr ayının 23-də Rusiyalı rejissorların laboratoriyası başa çatdı. Rejissorlar bu 4 gündə Azərbaycanın ayrı-ayrı teatrlarında izlədikləri tamaşalardan aldıqları bir yığın təəssüratla öz ölkələrinə qayıtdılar. Ən çox da o təəssüratların içində “Müharibə” var. Kimin ölkəsində olmasından asılı olmayaraq gedən “Müharibə”. Ya da sadəcə teatr səhnəsində gördükləri “MÜHARİBƏ”...

Hüsniyyə Mursaquliyeva

Teatrşünas

OXŞAR XƏBƏRLƏR