"ABŞ və İsrail baxımından bu müharibə təkcə hərbi qarşıdurma deyil, İran mərkəzli çoxqatlı strateji məqsədləri əhatə edən genişmiqyaslı bir proses kimi qiymətləndirilməlidir”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib.
O deyib ki, savaşın əsas məqsədi Yaxın Şərqdəki strateji və hərbi üstünlüyünü möhkəmləndirməkdir:
"Bu müharibənin əsas hədəflərindən biri İsrailin təhlükəsizliyini tam təmin etmək, onun Yaxın Şərqdəki strateji və hərbi üstünlüyünü möhkəmləndirmək və İsraili regional təhlükəsizlik sisteminin əsas mərkəzinə çevirməkdir. Bu çərçivədə Yaxın Şərq Hava Müdafiə sisteminin qurulması, Körfəz ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması və "İbrahim razılaşma”larının genişləndirilməsi əsas prioritetlərdən hesab olunur.
Məqsəd İsraili daim təhdid altında olan aktor mövqeyindən çıxarıb, bölgədə təhlükəsizlik arxitekturasını formalaşdıran əsas gücə çevirməkdir”.
Ekspert deyib ki, savaşın digər məqsədi İranın regional və qlobal təsir imkanlarını zəiflətməkdir:
"Bu müharibənin digər mühüm istiqaməti İranın regional və qlobal təsir imkanlarını zəiflətməkdir. Burada hədəf yalnız İranın hərbi potensialını məhdudlaşdırmaq deyil, eyni zamanda onun siyasi, ideoloji və strateji təsir mexanizmlərini sarsıtmaqdır. İranın nüvə proqramı, ballistik raket imkanları, kiber potensialı və regiondakı müttəfiq silahlı qruplarla qurduğu təsir şəbəkəsi bu strategiyanın əsas hədəfləri sırasındadır. Eyni zamanda, İran daxilində siyasi parçalanma ehtimalının artırılması və uzunmüddətli perspektivdə onun regional rolunun zəiflədilməsi də nəzərdə tutulan məqsədlər arasında göstərilir. Bununla belə, xarici təzyiqlərin bəzi hallarda əks təsir yaradaraq rejimin daha da möhkəmlənməsinə səbəb ola biləcəyi ehtimalı da istisna edilmir”.
O söyləyib ki, Körfəz ölkələrinin İsrailin təhlükəsizlik arxitekturasına inteqrasiyası da əsas məqsədlərdəndir:
"Regional müstəvidə isə məqsəd yeni ittifaq və təhlükəsizlik sisteminin formalaşdırılmasıdır. Körfəz ölkələrinin İsrailin təhlükəsizlik arxitekturasına inteqrasiyası, bölgədə yeni güc balansının yaradılması və Türkiyənin bu sistemdəki rolunun yenidən müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Türkiyənin həm NATO üzvü olması, həm Rusiya və İranla əlaqələrinin mövcudluğu, həm də Çin və Körfəz ölkələri ilə iqtisadi əməkdaşlığı onun bu prosesdə əsas geosiyasi aktorlardan biri olduğunu göstərir. Bu baxımdan Türkiyənin müstəqil mövqeyini qoruyub-qoruyamayacağı əsas suallardan biri hesab olunur”.
A.Ağar qeyd edib ki, müharibənin digər mühüm aspektlərindən biri nəqliyyat marşrutlarına nəzarətlə bağlıdır:
"Müharibənin digər mühüm aspektlərindən biri enerji və nəqliyyat marşrutlarına nəzarətlə bağlıdır. Hörmüz boğazı, Bəsrə körfəzi, Bab əl-Məndəb boğazı və Qırmızı dəniz kimi strateji əhəmiyyətli bölgələr qlobal enerji tədarükünün əsas arteriyaları hesab olunur. Bu ərazilər üzərində nəzarətin gücləndirilməsi yalnız İranın məhdudlaşdırılması deyil, eyni zamanda Çin kimi böyük iqtisadi güclərin enerji təhlükəsizliyinə təsir göstərmək baxımından da əhəmiyyətlidir. Bu kontekstdə, Rusiya ilə İran arasında mövcud olan strateji əməkdaşlığın zəiflədilməsi də mühüm məqsədlərdən biri kimi qiymətləndirilir”.
Ekspert vurğulayıb ki, müharibənin Asiya ilə Avropa arasında alternativ nəqliyyat marşrutlarını yenidən formalaşdırmaq kimi məqsədləri də mövcuddur:
"İqtisadi baxımdan isə müharibənin enerji və ticarət dəhlizlərini nəzarətdə saxlamaq və Asiya ilə Avropa arasında alternativ nəqliyyat marşrutlarını yenidən formalaşdırmaq kimi məqsədləri də mövcuddur. Bu, xüsusilə Avropanın enerji təhlükəsizliyi və qlobal enerji bazarındakı balans baxımından uzunmüddətli nəticələr doğura bilər”.
Şahanə Ziyad










































