Ümummilli Lider - Azərbaycan xalqının xilaskarı

Ümummilli Lider - Azərbaycan xalqının xilaskarı
SOSİAL
12:41 09.12.2023
417
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
 
Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. 
 
Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli Lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi.
 
Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi Azərbaycanda həyat ritmini tamamilə dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, inkişaf, tikinti-quruculuq işləri başladı. 
 
Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. Kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən, hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrində irəli çəkildilər.
 
1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi Ümummilli Lider Heydər Əliyevin əvəzolunmaz xidmətlərindəndir. Sovet rejiminin hökm sürdüyü o dövrdə respublikanın ali qanununda xalqın mənəvi sərvətlərinin, xüsusən dilinin qorunub saxlanması və inkişaf etdirilməsi üçün hüquqi əsasların müəyyən edilməsi olduqca cəsarətli addım idi.
 
Sonralar Heydər Əliyevin SSRİ kimi nəhəng dövlətin rəhbərliyində Siyasi Büronun üzvü, Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək mövqe və vəzifə tutması qürurverici hadisə oldu. Ulu Öndər artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaq miqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu.
 
Dahi Şəxsiyyət Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən özbaşınalığa birdəfəlik son qoydu. 
 
Zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. 
 
Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Ümummilli Lider fədakar əməyi, cəsarəti, uzaqgörən müdrik siyasəti sayəsində müasir müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. 
 
Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, qalib xalq olaraq daha yüksək zirvələri fəth edəcəkdir. Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görə Ümummilli Lider Heydər Əliyevin xatirəsi Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Naftalan şəhər sakini       Rövlan Heydərov

OXŞAR XƏBƏRLƏR