Murtuz Ələsgərov adına təqaüd təsis olunacaq

Murtuz Ələsgərov adına təqaüd təsis olunacaq
Bütün Xəbərlər
07:39 09.08.2012
1472

Azərbaycanın əməkdar hüquqşünası, Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərovun adı əbədiləşdiriləcək.

Trend-in məlumatına görə, Ələsgərovun vida mərasimində çıxışında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bu barədə məlumat verib və qeyd edib ki, onun adının əbədiləşdirilməsi məqsədilə müvafiq qərar qəbul olunub.

Məhərrəmovun sözlərinə görə, Murtuz Ələsgərov adına təqaüd təsis olunacaq, alimin 85 illiyi münasibətilə beynəlxalq konfrans keçiriləcək. Həmçinin, universitetdə alimin adına xüusi auditoriya yaradılacaq. Sistematik olaraq, alimin doğum günləri ərəfəsində beynəlxalq elmi konfranslar keçiriləcək.

Ələsgərov uzun sürən xəstəlikdən sonra avqustun 7-də 84 yaşında Bakıda dünyasını dəyişib.

Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub.

Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin Dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb.

1965-ci ildən universitetin Konstitusiya hüququ kafedrasının müdiri vəzifəsində çalışıb. 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub.

30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi. O, Yeni Azərbaycan Partiyası sədrinin müavini idi.

Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb.

OXŞAR XƏBƏRLƏR