İndiyədək Minsk Qrupunun tam heyətdə toplaşmaması münaqişənin uzanmasına təsir edən amillərdən biridir”
Bu sözləri millət vəkili, professor Musa Qasımlı Türkiyənin baş naziri Əhməd Davudoğlunun Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində qonşu ölkənin rolunun daha da artırılması ilə bağlı fikirlərinə münasibətini “AZXEBER.COM”-a şərh edərkən söyləyib.
"Türkiyə Dağlıq Qarabağ münaqişəsinin dayandırılması üçün fəal siyasət yürütməkdə davam edir".
Bu fikri Türkiyənin Baş naziri Əhməd Davudoğlu “TRT Haber" telekanalına verdiyi açıqlamasında söyləyib. O bildirib ki, regionda və qonşu ölkələrdə sabitlik Türkiyə üçün əsas prioritetdir.
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsindəTürkiyənin rolunun daha da artırılması ilə bağlı mövqeyə münasibətini açıqlayan millət vəkili bunları söyləyib: “ Türkiyə regionun ən nüfuzlu və güclü dövlətlərindən biridir. Türkiyəsiz regionun təhlükəsizliyi tam və etibarlı olmaz. Ermənistanın təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupunun üzvü kimi Türkiyənin rolunun artırılması yalnız fayda verər. Çünki Türkiyə həm regionu yaxşı tanıyır, həm də zaman-zaman baş verən münaqişələrin həllində daim ədalətli mövqe tutub”.
“Bu məsələdə Azərbaycanın hansı mövqe tutması Sizcə daha dogru olardı?” sualına isə millət vəkilinin cavabı belə olub: “Azərbaycan Ermənistanın təcavüzünə məruz qalan və ərazisinin 20%-i işğal altında olan bir ölkə olduğundan, işğal böyük ziyanlar vurduğundan münaqişənin tezliklə həlli Azərbaycanın maraqlarına tam uyğundur. Fikrimcə, Azərbaycan Minsk Qrupu həmsədrlərindən fəallıq və qrupun bütün üzvlərindən öz mandatlarına məsuliyyətli yanaşmanı tələb edə bilər. İndiyədək Minsk Qrupunun tam heyətdə toplaşmaması bəlkə də münaqişənin uzanmasına təsir edən amillərdən biridir”.
Azxeber.com