Səs verən 448 nəfərdən 228-i Arif Hacılını dəstəkləyib
Müsavat Partiyasının 8 saatdır davam edən başqanlıq seçkisi başa çatıb.
Səsvermənin nəticələri bəlli olub. İlk olaraq namizədlərdən Arif Hacılının səsləri sayılıb.
Səsvermədə 450 nəfər iştirak edib. Səs verən 448 nəfərdən 228-i Arif Hacılını dəstəkləyib. Beləliklə, Arif Hacılı Müsavat Partiyasının yeni başqanı olub. Qubad İbadoğlu 200, Tural Abbaslı – 19 səs toplayıb.
Qeyd edək ki, başqanlıq postuna üç iddialı var idi: Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslı. Belə ki, Səxavət Əlisoy namizədliyini son anda Qubad İbadoğlunun xeyrinə geri götürdü.
Arif Hacılı 1962-ci ildə Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən yeni başqan 1990-1995-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin deputatı, Elçibəy hakimiyyəti dövründə Azərbaycan Respublikasının Ərazi Hakimiyyət və İdarəetmə işləri üzrə Dövlət Müşaviri, 1991-1992-ci illərdə AXC Ali Məclisinin sədri olub.
2003-cü ildə icazəsiz aksiyaların əsas təşkilatçısı kimi tutularaq 5 il müddətinə həbs edilən Arif Hacılı 2011-ci il aprelin 2-də yenidən eyni səbəblə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, 2006-cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri, partiya yaranandan onun ali orqanı olan Divanın üzvüdür.
Başqanlığa qədər Arif Hacılı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri idi.




