""Müsavat" və "AXCP" hadisəni siyasi alver predmetinə çevirməyə cəhd etdilər" - Deputat

SİYASƏT
12:21 27.12.2024
200
"Heç bir aviakampaniya, hava yolları şirkəti qəzadan 100 faiz sığortalana bilməz. Nəzərə almaq lazımdır ki, AZAL dünyanın ən keyfiyyətli xidmət göstərən və ən təhlükəsizlik hava yolları şirkətindən biridir. Biz bunu əyani şəkildə, qəza baş verərkən bir daha da gördük. Pilotlarımız çox böyük peşəkarlıqla, fədəkarlıqla təyyarədə olan sərnişinlərimizin üçdə birini xilas etməyi bacardılar. Mən düşünürəm ki, bu AZAL-ın fəaliyyətini qiymətləndirmək, pilotlarımızın peşəkarlığını qiymətləndirmək üçün çox ədalətli bir kriteriyadır. Məsələ ondadır ki, bu bir faciədir və Azərbaycan xalqı baş vermiş faciədən dərhal sonra necə səfərbər oldu. Azərbaycan Prezidenti öz səfərini yarımçıq qoyaraq geri döndü, dərhal müşavirə keçirdi, yaralılara yardım göstərilməsi, baş vermiş hadisənin araşdırılmaları üçün xüsusi komissiya yaradıldı".
 
Bu fikirləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu AZAL-a məxsus "Embraer 19" təyyarəsinin ağır qəzaya uğramasından danışarkən deyib.
 
Deputat qeyd edib ki, bu tragedik hadisə beynəlxalq kədərə çevrildi:
 
"Mən deyərdim ki, bu tragediya xarakterli hadisə beynəlxalq kədərə çevrildi, dünya ölkələrinin hər birində həssas bir mövzuya çevrildi. Amma Azərbaycandan başqa heç bir ölkədə baş vermiş qəza siyasi motivlərlə manipulyasiya edilmədi. Təəssüf doğuran budur. Çox təəssüf ki, bizdə bəzi siyasi manipulyatorlar, hətta bəzi dırnaqarası partiyalar bu məsələni tamamilə milli maraqlarımıza zidd olan və ədalətdən, haqqdan uzaq olan bir mövqedən şərh etməyə başladılar. Kimi bunu quru sərhədlərlə, kimi başqa bir səbəblə ələqələndirdi. Ona görə də mən düşünürəm ki, bu doğru yanaşma deyil. Azərbaycanda fəaliyyət göstərən 26 siyasi partiyadan 24-ü buna qarşı öz mövqeyini bildirdi".
 
Deputat iki siyasi partiyanın hadisəni siyasi alver predmetinə çevirməyə cəhd etdiyini vurğulayıb:
 
"İki partiya - Müsavat partiyası və Azərbaycan Xalq Cəbhəsi partiyası yenə də sosial şəbəkələrdə və siyasi sistemimizdə olan manipulyatorların önündə avanqarda çevrilərək hadisəni siyasi alver predmetinə çevirməyə cəhd etdilər. İnsanları süni manipulyasiya etməyə təşəbbüs göstərdilər. Mənə elə gəlir ki, bu Azərbaycan vətəndaşlarına, qəzada zərərçəkənlərə, həyatını dəyişən vətəndaşlarımıza qarşı bir təxribatdır. Ona görə də mən düşünürəm ki, Azərbaycan cəmiyyətinin tam əksəriyyəti bu mövqeyi rədd edir və baş vermiş qəzanı sadəcə qəza kimi qiymətləndirir. Amma səbəblərinə gəldikdə isə əlbəttə ki, biz bilirik ki, araşdırılması ən çətin olan qəzalardan biri aviasiya qəzalarıdır. Biz əminik ki, artıq iki ölkənin yaratdığı komissiya, bir ölkənin ev sahibliyi etdiyi ekspertlərdən ibarət, xüsusən mütəxəssislər qrupu ən doğru qiyməti verəcəklər. Onda görək Azərbaycan cəmiyyətini manipulasiya etmək istəyən fəallar və siyasi partiyalar özlərində cəsarət tapıb Azərbaycan xalqından üzr istəyə biləcəklər".
 
Mikayıl Mirzəzadə

OXŞAR XƏBƏRLƏR