Avropalı iqlim ekspertləri yazın və növbəti yaz fəslinin davam etməsinin xüsusilə Aralıq dənizi və Avropanın cənubunda quraqlığın müşahidə olunacağı ilə bağlı xəbərdarlıq ediblər.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin "2022-ci il Avropa İqlim Bəyanatı” hesabatında məlumat dərc olunub.
Hesabata görə, son 8 il dünyanın ən isti dövrü olub. 2022-ci il Avropada qeydə alınan ən isti ikinci il olub. Son 5 ildə Avropada havanın orta temperaturu sənayedən əvvəlki dövr hesab edilən 1850-1900 intervalından 2.2 dərəcə yüksək ölçülmüşdür. Bu artım dünya üzrə orta hesabla 1.2 dərəcə olub.
2022-ci ilin yayı həm də Avropada "ən isti yay” kimi qeydə alınıb. Keçən yay Avropanın əksər hissəsində intensiv və uzun istilik dalğalarının yaşandığı bir vaxtda temperatur orta göstəricidən 1.4 dərəcə yuxarı olub.
Avropanın üçdə birinin 2022-ci ilin yayında quraqlıqdan ciddi şəkildə təsirləndiyi, qitənin yüzdə 63-də axar suların orta axınının miqdarının azaldığı bildirilib. Deyilənə görə, çaylarda azalma son 6 ildə də davam edir.
Xüsusilə Avropanın cənubunda su mənbəyi sayılan Alp dağlarında qar itkisi rekord həddə çatıb. Alp bölgəsində 5 kvadrat kilometr buzlaq itkisi meydana gəlib.
Mütəxəssislər orta temperatur artımının davam edəcəyi gözləntilərini ifadə edərək, xüsusilə Aralıq dənizi bölgəsi üçün quraqlıq xəbərdarlığını ediblər. Xüsusilə İspaniyada qış aylarında yağıntıların qeyri-kafi olduğunu bildirən Kopernik İqlim Dəyişikliyi Xidmətinin mütəxəssisləri bu vəziyyətin su qaynaqlarına mənfi təsir göstərəcəyini bildiriblər.
Yaz aylarının və gələn yazın quraq keçəcəyi ilə bağlı xəbərdarlıq edən mütəxəssislər bu qış quraqlıq səbəbindən torpağın rütubətinin Aralıq dənizi və Cənubi Avropa ölkələrində orta səviyyədən xeyli aşağı olduğunu izah ediblər.
May ayında yağıntı olacağı təqdirdə su ehtiyatlarının bir az dolacağını təxmin edən mütəxəssislər bitkilərin vegetasiya dövrünün quraq keçdiyini və bunun kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərəcəyini bildiriblər.
Həddindən artıq isti dalğaları və quraqlıqdan sonra keçən yay xüsusilə Avropanın cənubunda çoxlu meşə yanğınları baş verib. Həftələrlə davam edən yanğınlarda çox böyük meşə sahələri külə dönüb.
Hesabatla bağlı açıqlamada fikirlərinə yer verilən AB Komissiyasının kosmos və yerin müşahidəsi bölməsinin direktoru Mauro Facchini qlobal istiləşmə ilə mübarizənin əhəmiyyətinə diqqət çəkib.
Mikayıl