“Milli Şura”nın bu günə kimi sosial bazası olmayıb və bundan sonra da olmayacaq. Yaxud da barmaqla sayıla biləcək insanlar onların ətrafından getməyə başlayıb. “Milli Şura” prezident seçkilərinə az bir müddət qalmış aksiyaya bu qədər az insan çıxarırsa, deməli onlar artıq bu yarışı uduzublar. Buna görə də onlardan heç bir nəticə gözləmək lazım deyil. Hətta onlar düzgün qərar verməməklə, öz ətraflarında olan insanları da uzaqlaşdırırlar”.
Bu fikirləri mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov müxalifətin dünən keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.
Orucovun sözlərinə görə, “Milli Şura”nın Azərbaycan dilində səlist danışa bilməyən, eləcə də burada yaşamayan birini seçkilərə vahid namizəd kimi təqdim etməsi qurumun tərkibində olan insanların psixoloji durumunun yerində olmamasından xəbər verir: "Rüstəm İbrahimbəyovdan siyasi lider ola bilməz. Zamanında yaxşı kinorejissor ola bilər, lakin bu onun siyasətdə hər hansı bir uğura imza atacağına zəmin yarada bilməz. Seçkilərə 50 gündən az vaxt qalmasına baxmayaraq, namizədlərinin hələ də mövcud olmaması onların səmərəsiz olduğundan xəbər verir. 20 ildir bu siyasətin içində olub, hələ də müxalifətçiliyi öyrənə bilməmələri onlar haqqında beynimizdə gərəkli fikri formalaşdırmağa kifayət edir. Onların bu hərəkəti sinifdə qalan şagirdi xatırlatmış olur. Bir sözlə, müxalifət liderləri sinifdə qalan uşaqlardır”.