Müsavat başqanının seçkilər ərəfəsində üstünlük verdiyi siyasət müxalifət düşərgəsində narazılıqla qarşılanır.
Milli Şurada təmsil olunan Müsavat başqanı qurum daxilində yaranmış əlverişsiz vəziyyətdən faydalanmağa çalışır. İ.Qəmbər Milli Şuranın prezidentliyə namizədi Rüstəm İbrahimbəyovun ikili vətəndaşlıq problemi fonunda irəli sürülən təklifləri geri çevirməklə, qurumun süqutunda maraqlı olduğunu nümayiş etdirir. Müsavat başqanının mövcud şəraitdə müşahidə olunan davranışlarını şərh edən Vətəndaş və İnkişaf Partiyasının sədri (VİP) Əli Əliyev bu fəaliyyətin İ.Qəmbər üçün tam spesifik olduğunu deyir: “Milli Şuranın prezident seçkilərində iştirakı və bu birliyin bəzi təmsilçilərinin həmin məsələyə münasibətindən danışırıqsa, mütləq nəzərə alınmalıdır ki, qəbul edilmiş ümumi qərara hörmətlə yanaşılmalıdır. Konkret olaraq İsa Qəmbərə gəldikdə isə, o da Milli Şuranın təsisçilərindən biri ki, özünün iştirakı ilə verilmiş birgə qərarı icra etməlidir. Amma Milli Şuranın prezidentliyə namizədinin müəyyən edilməsinə, eyni zamanda, çoxsaylı çağırışlara baxmayaraq, İsa Qəmbər hələ də prezidentliyə namizədliyini nəinki geri çəkməyib, hətta o qurumda yaranmış böhrandan öz xeyrinə yararlanmağa çalışır. Hesab edirəm ki, İsa Qəmbərin Milli Şurada təmsilçiliyi bir oyun, yaxud da onun öz siyasi maraqları üzərində manevr cəhdi deyilsə, o, ümumi qərara tabe olmalıdır. Digər tərəfdən, İsa Qəmbərin müşahidə olunan bu davranışlarına təəccüblənmək də lazım deyil. Çünki bu adam Xalq Cəbhəsi yaranan ilk günlərdən intriqa yaratmaqla məşğuldur və ötən müddət ərzində də xarakterindən irəli gələn dağıdıcılıq fəaliyyəti ilə məşğuldur. 1992-93-cü illər hakimiyyətinin süqutu, eyni zamanda, geridə qalan iyirmi il ərzində müxalifət birliklərinin parçalanaraq sıradan çıxması, müxalifətin dayanıqlı şəklidə bir araya gəlməsinin əngəllənməsi də İsa Qəmbərin adı və fəaliyyəti ilə bağlıdır. Onun Milli Şuradakı mövcud davranışları da birbaşa hakimiyyətin maraqlarına xidmət edir. Müsavatın rəhbəri 2005-ci il seçkilərindən sonra hakimiyyətə göstərdiyi xidməti bu seçkilərdə təkrarlanmağa və müxalifətin parçalanması naminə maraqlarını təmin etməyə çalışır”.