Sərdar Cəlaloğlu: “O da mənimlə birlikdə o hərakata qoşulmuşdu, amma qaçdı getdi”.
Razi Nurullayev: “Hesab edirəm ki, mən nə zəkasızam, nə də ki, vicdansız”
Politoloq Zərdüşt Əlizadə müxalifətin zəkasının və vicdanının olmadığını bildirib. “Bizim Yol” qəzetinə müsahibəsində Z.Əlizadə deyib ki, özü vaxtilə müxalifətdən siyasətə gəlib və sonra da siyasətşünas olub. Düşərgədə olduğundan onların bacarığına bələddir: “Müxalifətin ən böyük qüsuru iki vacib amilin yoxluğudur: zəka və vicdan. Zəka yoxluğu nəticəsində müxalifət həmişə strateji səhv edib, bu səhvlər onların taktiki uğurlarını heç də üstələməyib.
Təsəvvür edin ki, strateji səhv nəticəsində hakimiyyəti və ölkəni uduzublar, taktiki bir uğurları olub, o da hakimiyyəti 1 illik məngirləmələridir. Beləliklə, taktiki uğurun arzusuyla Mirzə Cəlilin ”Bəlkə də qaytardılar" hekayəsini hələ də yaşayırlar. Sizi 100 faiz əmin edirəm, qaytarmayacaqlar".
Zərdüşt Əlizadənin fikirləri aparıcı müxalifət partiyalarında ciddi etirazla qarşılanıb.
Azərbaycan Demokrat Partiyasının (ADP)sədri Sərdar Cəlaloğlu AZXEBER.COM-a verdiyi açıqlamada Zərdüşt Əlizadənin bu fikirlərini öz üzərinə götürmədiyini söyləyib:
“Mən onun dedikləri sözləri özümə götürmürəm, çünki mənim zəkam və vicdanım ondan qat-qat çoxdur. Kim özünü ondan geridə hiss edirsə, həmin şəxs onun sözlərinə cavab versin. O da mənimlə birlikdə hərakata qoşulmuşdu, amma qaçdı getdi. Bu sözləri deməsi onun ağılsızlığını göstərir”.
Partiya sədri Z.Əlizadənin müxalifətin birləşə bilməməsi ilə bağlı fikirlərində doğruluq payı olduğunu bildirib. Onun fikrincə 1988-ci illərdə meydan hərakatı dövründə Zərdüşt Əlizadə Azərbaycan müxalifətinin parçalanmasının əsasını qoyan şəxslərdən biri olub:
“Müxalifətin heç vaxt birləşə bilməyəcəyinə gəlincə isə onu düz deyir, çünki bu proseslərdə elə özü yaxından iştirak edib. Azərbaycan müxalifətinin parçalanmasının əsasını 1988-cı illərdə Zərdüşt Əlizadə, Nemət Pənahlı, İsa Qəmbər intiriqaları qoydu və ilk parçalanma da o vaxt başladı”.
AXCP sədrinin müavini Razi Nurullayev də AZXEBER.COM-a açıqlamasında Z.Əlizadənin fikirlərinin əsassız olduğunu bildirib. O, müxalifətin zəka və vicdan probleminin olmadığını söyləyib:
“Zərdüşt Əlizadə 20 ilə yaxındır ki, müxalifət haqqında fərqli fikir səsləndirməyib. O, həmişə müxalifəti taktikasızlıqda, didişməkdə, zəkasızlıqda günahlandırıb və bu dəfə də eyni addımları təkrar edir. Müxalifətin zəka və vicdan problemi yoxdur. Əlbəttə ki, bunu tam olaraq müxalifətə aid etmək olmaz. Amma mən öz partiyamın adından deyə bilərəm ki, partiyada kifayət qədər yeniləşmə, yeni fikirlər var ki, bu üzdən mən partiyada hər hansı zəka probleminin olmasını düşünmürəm.
Müxalifətin hakimiyyətə gəlmək kimi şansları olsada, təbii ki, onların müəyyən səhvləri olub. O səhvdə vahid namizədin təyin edilməsində olub. Bütün müxalifətə vicdansız və zəkasız demək ən azından ədalətsizlikdi. Mən Azərbaycan siyasətində varam və hesab edirəm ki, mən nə zəkasızam, nə də ki, vicdansız”.
Razi Nurullayev Azərbaycan siyasətində zəkasız və vicdansız insanların olduğunu bildirib. O, Z.Əlizadənin bu günə qədər xalqdan dəstək ala bilmədiyini qeyd edib:
“Amma Azərbaycan siyasətində həqiqətən də zəkasız və vicdansız şəxslər var. Zərdüşt Əlizadə hər şeyə elmi cəhətdən yanaşmağı sevir. Onun indiyədək yazdığı kitablar, məqalələr, verdikləri açıqlamalar cəmiyyətə böyük bir stimul verməyib və ona xalq rəğbəti qazandırmayıb. Əgər qazandırsaydı o da bu gün bir siyasi lider olardı və Zərdüşt bəyin də hər hansı siyasi partiyası olardı. Xalq onu siyasi lider olaraq görmək istəyərdi. Praktik olaraq o dediyi sözləri sübut edə bilmirsə, o zaman müxalifət tərəfdən də heç bir diqqət görə bilməz”.
Fatimə İbrahimova
Əfsələddin Ağalarov