Azərbaycan Tələbə Şəbəkəsi (ASN) İtaliyanın Sabaudiya şəhərində təhsil alan 40 məktəblinin Vatikanda Roma Papası Fransiskin ənənəvi mərasimində iştirakını təşkil edib.
Müxtəlif xalqları, mədəniyyətləri və dinləri təmsil edən məktəblilər əvvəlcə “Via Concelliazione” küçəsi boyunca əllərində şamlar və çiçəklərlə irəliləyərək Müqəddəs Pyotr meydanına gəliblər. Mərasim zamanı onlar, eləcə də İtaliyada təhsil alan azərbaycanlı şagird Aydın Əliyev sülh və əmin-amanlıq arzularını ifadə edən məktublarını Roma Papasına təqdim ediblər.
Məktubda deyilir ki, uzun dövrlər ərzində çoxsaylı insanın həyatına son qoyan müharibə dəhşətlərinin şahidi olmuş Azərbaycan gəncləri heç bir uşağın belə faciələrdən əziyyət çəkmədiyi, kimsənin münaqişə qurbanına çevrilmədiyi bir dünya arzusundadır. 23 il əvvəl törədilmiş Xocalı soyqırımı zamanı Azərbaycan xalqı yüzlərlə soydaşını, o cümlədən 63 uşağı itirdi. Bu faciənin dəhşətlərini hələ də hiss edən Azərbaycan gəncləri bütün dünyada zorakılığa son qoyulmasını tələb edirlər. Bizim məqsədimiz dünyada əmin-amanlığın bərqərar olunması, bütün dünya uşaqlarının hüquqlarının qorunması üçün geniş imkanların yaradılması, onların haqq səsini Roma Papasına, bu vasitə ilə də bütün dünyaya eşitdirməkdir.
Məktublarda uşaqların qorxudan azad, gələcəklərini aydın şəkildə görə biləcəkləri dünya arzusunda olduqları vurğulanıb. Onlar bu gün Ukrayna, Suriya, İraq, Nigeriya və digər dünya ölkələrində baş verən və minlərlə günahsız azyaşlının ölümünə bais olan münaqişələrə qarşıdırlar. Yeganə məqsəd dilindən və dinindən asılı olmayaraq bütün dünya əhalisinin diqqətini sülh, ədalət və əmin-amanlıq naminə birləşməyə yönəltməkdir.
Bununla da mərasimdə iştirak edən məktəblilər vahid məqsəd uğrunda birləşərək sözün əsl mənasında insan olmağın vacibliyini böyüklərə bir daha nümayiş etdiriblər.

