Tibb elmləri doktoru, deputat Rəşad Mahmudov AZXEBER.COM-a açıqlamasında deyib ki, ölkə üzrə müşahidə olunan virus infeksiyaları əsasən mövsümi respirator viruslarla əlaqədardır:
"Hazırda ölkə üzrə müşahidə olunan virus infeksiyaları əsasən mövsümi respirator viruslarla əlaqədardır. Bu qrupa qrip virusları, respirator sinsitial virus (RSV), adenoviruslar və digər yuxarı tənəffüs yolu infeksiyaları daxildir. Mövsüm keçidləri, xüsusilə qışdan yaza keçid dövründə temperatur dəyişkənliyi, insanların daha çox qapalı məkanlarda toplaşması və immun sisteminin nisbi zəifləməsi bu infeksiyaların yayılmasını sürətləndirən əsas amillərdir”.

Deputat bildirib ki, əksər insanlarda xəstəlik yüngül keçir:
"Bu tip virus infeksiyaları adətən halsızlıq, hərarət, burun axması və ya tutulması, boğaz ağrısı, öskürək kimi simptomlarla özünü göstərir. Bəzi hallarda isə ürəkbulanma və ya ishal kimi əlamətlər də müşahidə oluna bilər. Əksər insanlarda xəstəlik yüngül keçir və 5–7 gün ərzində sağalma ilə nəticələnir. Bununla belə, uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər risk qrupuna daxildir və onlarda xəstəliyin daha ağır keçmə ehtimalı var”.
Parlamentari virusdan qorunma yollarını da vurğulayıb. O söyləyib ki, qorunma tədbirləri isə sadə, lakin effektiv yanaşmalardan ibarətdir:
"Əl gigiyenasına riayət olunması, qapalı məkanların mütəmadi havalandırılması, xəstə şəxslərlə yaxın təmasdan çəkinilməsi, sağlam və balanslı qidalanma ilə immun sisteminin gücləndirilməsi mühüm rol oynayır. Zərurət yarandıqda tibbi maskalardan istifadə də yoluxma riskini azalda bilər.
Ümumilikdə, hazırkı vəziyyət mövsümi xarakter daşıyır və geniş narahatlıq üçün əsas yoxdur. Lakin simptomlar ağırlaşdıqda, uzun müddət davam etdikdə və ya yüksək risk qrupuna aid şəxslərdə müşahidə olunduqda, mütləq şəkildə həkimə müraciət olunması tövsiyə edilir”.
Şahanə Ziyad










































