Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis olunmuş "27 sentyabr – Anım Günü” Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın bariz nümunəsidir. Bu gün, xalqımızın milli yaddaşında müqəddəs bir tarix kimi yaşamaqda, həm də gələcək nəsillərə Vətənə sədaqət, igidlik və fədakarlıq dərsi olaraq ötürülməkdədir.
27 sentyabr – Anım Günü ilə bağlı Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə anım tədbiri keçirilib.
AZXEBER.COM xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının və şəhər Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələri, müharibə iştirakçıları, ziyalılar, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış igid Vətən övladlarının əziz xatirəsinə ehtiram əlaməti olaraq inşa edilmiş Xatirə Kompleksi ziyarət olunub, Kompleksin önünə gül dəstələri düzülüb, şəhidlərimizin müqəddəs xatirəsi dərin hörmətlə yad edilib.
Şəhərin "Qələbə” parkı ərazisində Vətən müharibəsi şəhidlərinin anım gününə ehtiram əlaməti olaraq şəhid ailələrinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Respublikamızın bütün ərazisində olduğu kimi Naftalan şəhərində də Vətən müharibəsi şəhidlərinin xatirəsi saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub, nəqliyyatın hərəkəti dayandırılıb, avtomobillər vasitəsi ilə səs siqnalları verilib.