Naftalan ŞİH-nin, şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə "Hər Uşaq Bir Çiçəkdir!” adlı bayram tədbiri keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Naftalan şəhər təşkilatının sədri, Avropa Azərbaycan Məktəbinin direktoru Francesco Banchini və əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid və qazi övladları, Uşaq Səfirlər Məclisinin Naftalan üzrə nümayəndələri, məktəblilər, idmançılar iştirak ediblər.
Öncə tədbir iştirakçıları Uşaqların əl işlərindən ibarət sərgiyə və Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolunu əks etdirən foto-eksponatlara baxış keçiriblər.
Uşaq musiqi məktəbi xorunun ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin uşaqlar haqqında səsləndirdiyi qiymətli fikirləri əks edən video-çarxın nümayişi ilə tədbir davam etdirilib.
Tədbirdə çıxış edənlər uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edərək vurğuladılar ki, bu gün Azərbaycan uşaqlarının firavanlığı, azad və xoşbəxt həyatının təməlində Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti dayanır.
Bildirildi ki, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğı dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən olunub. Uşaq hüquqlarının müdafiəsi, onların sağlam, təhlükəsiz mühitdə böyüməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Həmçinin Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın xüsusi qayğıya ehtiyacı olan uşaqların rifahına yönəlmiş çoxsaylı layihələrdən bəhs edilib. Qeyd edilib ki, Azərbaycanın gələcəyi olan balaca vətəndaşlar çox xoşbəxtdirlər ki, qalib və müstəqil ölkədə böyüyür, azad cəmiyyətin tamhüquqlu üzvləri kimi formalaşırlar.
Tədbir şəhər Uşaq musiqi məktəbinin, Körpələr evi-Uşaq bağçasının, tam orta məktəblilərin kollektivlərinin hazırladıqları konsert proqramı ilə davam etdirilib. Tədbirdə uşaqların rəsm işlərindən ibarət sərgi təşkil olunub, gənc idmançıların nümunəvi çıxışları nümayiş etdirilib.